"Neftçi"nin kapitanı Emin Mahmudov "Araz-Naxçıvan"a qalib gəldikləri Misli Premyer Liqasının 27-ci turunun oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az həmin müsahibəni təqdim edir…

Yarımmüdafiəçi ilk olaraq matç haqqında fikirlərini bölüşüb:

- Təbii ki, yaxşı oyun oldu. Birinci hissə xüsusilə çox yaxşı idik, hücumlarımız da çox idi. Qol şansları yarada bilirdik. Sadəcə bundan yararlanmaq alınmırdı. Bəlkə də bir az da soyuqqanlılıq çatmadı. Amma yenə də yaxşı qələbə qazandıq. O şansları reallaşdırmaq üçün bir az işləmək lazımdır.

- Qarşıdakı turda "Zirə" ilə oynayacaqsız. Bu görüşdən gözləntiləriniz nədir?
- "Araz-Naxçıvan"la görüş artıq geridə qaldı. Biz növbəti görüşləri düşünürük. Bəli, "Zirə" ilə oynayacağıq. "Zirə" çempionatın ən intizamlı komandalarından biridir. Bizi çox ağır oyun gözəyir. Bu dəqiqdir. Lakin hazırlaşacağıq. Çalışacağıq ki, öz oyunumuzla yaxşı nəticə qazanaq.

- Maraqlıdır ki, müalicə üçün Serbiyaya yollanmışdınız. Komanda ilə neçə məşqə çıxmışdınız ki, bu qədər tez sağaldınız?
- Bəli, Serbiyaya getmişdim. Orada yüngül əməliyyat olundum. Komanda ilə 1-2 gün məşq etdim. Açığı, bir az ağır idi. Çünki məşqsiz çətin olur. Əməliyyatın da bir az ağrıları var idi. Amma şükür Allaha, özümü daha yaxşı hiss edirəm. Meydana da çıxdım və komandama kömək etdim.

- Son matçlarda "Neftçi" nominal hücumçusuz oynayır, gizli 9 nömrə ilə oynayırsız. Demək olar ki, komanda bu taktika ilə daha uğurlu görünür?
- Komanda olaraq çalışırıq. Bir də hər bir oyunçu məşqçinin istədiyini yerinə yetirmək üçün çox çalışır. Şükür Allaha bu da yaxşı alınır. İndi buna davam etməliyik. Daha yaxşı nəticələr qazanmaq üçün dayanmamalıyıq. Çalışırıq, oyundan-oyuna daha da yaxşı olmasına çalışırıq.

- Bəzən belə fikirlər səsləndirilir ki, "Neftçi" Yuri Vernidubun gəlişindən sonra nəticələri düzəltsə də, turnir cədvəlində özündən aşağıdakıları məğlub edir, yuxarıdakıları uda bilmir hələ. Növbəti oyunlarda bu baxımdan seriyaya son qoymaq mümkün olacaq?
- Əlbəttə. Biz onu da düşünürük. Oyundan-oyuna matçlarda qalib gəlmək istəyirik. Bunun üçün hazırlaşırıq. Ağır olacaq. Özünüz də görürsüz ki, çempionatda hər bir komandaya çətinlik var. Turnir cədvəlində aşağıdakı pillələrdə də olsa, yuxarıdakı komandalarla da olsa, əsas qalib gəlmək lazımdır.