"Turan Tovuz"la danışığımız olub. Sağ olsunlar, dəvət göndəriblər. Yəqin, 2-3 gün ərzində məsələ həll olunacaq. Allah xeyirlisini nəsib eləsin. Yəqin ki, inşallah, yaxşı nəticə olacaq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Elvin Məmmədov söyləyib.

Doğulduğu, futbolda ilk addımlarını atdığı Tovuzun Premyer Liqada yeni təmsilçisi olacaq "Turan Tovuz"a keçmək variantının olduğunu etiraf edən 34 yaşlı yarımmüdafiəçi hazırkı klubunda qalmasının mümkünlüyünə də toxunub: "Əslində, "Sumqayıt"dan da xəbər gözləyirəm. Düzdür, dediyim hər 2 klubla danışığımız olub. Məlumdu ki, "Turan Tovuz"un baş məşqçisi bir neçə gün öncə dəqiqləşdi. Buna görə telefon söhbətimiz olub. Amma öz rəhbərliyimizə demişəm. Çempionat yeni qurtarıb, yəqin, 3-4 günə məsələ bilinəcək. "Sumqayıt" məni saxlayar, saxlayar. Saxlamaz, başqa bir variant fikirləşəcəyik".

Belə çıxır ki, Elvin üçün Tovuz klubu nə qədər doğma olsa da, anlaşmasını başa çatdığı "Sumqayıt"dan münasib şərtlərlə yeni müqavilə təklifi alarsa, qalacaq? Futbolçunu dinləyək: "Hər ikisindən təklif almamışam konkret olaraq, danışığımız olub. Amma dediyim kimi, "Sumqayıt" bəlkə elə bir sərfəli təklif edəcək ki, burda qalacam. Yaxud "Turan Tovuz" elə bir təklif edəcək ki, ora gedəcəm. Ona görə bəlli deyil məsələm".

Xatırladaq ki, Məmmədov "Turan Tovuz"un yeni baş məşqçkisi Ayxan Abbasovla həm "Zirə"də, həm də "Sumqayıt"da işləyib, hətta kapitanı olub. Elvin yetirməsi olduğu "Turan"la Premyer Liqada ilk addımlarını atıb. 

 

 

MEHMAN SÜLEYMANOV