"Danışılası çox şey yoxdur". Sport24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.
Cinah müdafiəçi Bakıda Niderlandın "Ayaks" klubuna uduzduqları (2:4) UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı danışıb:
"Azarkeşlərimizin önündə qalib gəlmək istəyirdik. Bizim üçün vacib gün idi. Qazanacağımız üç xal növbəti mərhələ üçün şanslarımızı artırırdı. Oyuna yaxşı başlamışdıq. Qollarımızı vurduq. Matçın bəzi dəqiqələrində üstünlük bizdə idi. Çox yaxşı kombinasiyalar da qururduq. Amma hücuma çıxanda bəzi səhvlər etdik. Belə görüşlərdə adi səhvlər qapında qolla nəticələnir. Rəqib əks-hücumlara çox güclü çıxırdı. Məhz buna görə iki qol buraxdıq. Digər qolları deməyim. Zatən komanda həvəsdən düşür. Qalib gəlməyi çox istəyirdik. Amma təəssüflər olsun ki, alınmadı. Növbəti iki oyunda maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Cəfərquliyevin sözlərinə görə, oyunun qırılma anı rəqibin üçüncü qolu idi:
"Komandada bir qədər məyusluq oldu. Əvəzetmələrə qarışmasam, daha yaxşı olar. Bu, baş məşqçinin qərarıdır. Bizim də çox epizodlarımız oldu yararlana bilmədik. İtirəcək bir şey yoxdur. Növbəti mərhələ üçün çalışacağıq".