"Sabah" Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-i iki oyunun nəticəsinə əsasən tam üstünlüklə keçdi. Komanda həm oyun intizamı, həm də meydandakı təşkilatlanması ilə rəqibindən üstün olduğunu göstərdi. Düşünürəm ki, belə oyun "Sabah"ın növbəti mərhələyə kifayət qədər inamlı yollanmasına əsas verir". Bu sözləri Sport24.az-a açıqlamasında Elmar Baxşıyev deyib.

Təcrübəli mütəxəssis "Sabah"ın UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi "KuPS"la qarşılaşmasından gözləntilərini bölüşüb:

"Məncə, II təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"-la keçiriləcək qarşılaşmada da komandamız ciddi çətinlik yaşamayacaq. Təbii ki, bu səviyyədə heç bir rəqibi zəif hesab etmək olmaz. KuPS nizam-intizamlı və mübariz komanda olsa da, "Sabah"ın futbolçu keyfiyyəti, oyun üslubu təmsilçimizə üstünlük verir. Futbolçular öz oyunlarını sərgiləyə bilsələr, mərhələni adlamaq üçün kifayət qədər şansları olacaq. Səfər qolu qaydasının ləğvindən sonra ilk oyunun evdə və ya səfərdə keçirilməsi əvvəlki qədər böyük əhəmiyyət daşımır. İndi əsas məsələ hər iki görüşdə sabit oyun nümayiş etdirmək, səhvləri minimuma endirmək və yaranan qol imkanlarından maksimum istifadə etməkdir. Buna görə də hansı meydanda başlamaqdan daha çox, komandanın oyun planını düzgün icra etməsi həlledici olacaq".

Xatırladaq ki, "Sabah" - "KuPS" matçı bu gün saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.