Misli Premyer Liqasının VIII turunun "Neftçi" – "Araz-Naxçıvan" oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

 

– Maraqlı, dinamik oyun oldu. Komandanı ağır səfər oyununa kökləmişdik. Komandam meydançada yaxşı iş gördü. Elə oyun gedirdi ki, həm qələbə qazana bilərdik, həm uduza…

 

– Müdafiədə itkilər var. Boşluqları necə aradan qaldıracaqsınız?

– Hələ buna köklənməmişik. Qışq qədər uzun vaxt var. Futbolçularım universaldır. Bu mövqedə oynaya biləcək oyunçularım var.

 

– Oyundan sonra baş hakimlə nəyi müzakirə edirdiniz?

– Narazılıq yox idi. Oyun epizodları ilə bağlı danışırdıq.

 

– Buraxdığınız ikinci qola baxmısız? Qərar doğrudur?

– Tam baxmamışam, dəqiq nəsə demək olmur.

 

– Patrik Andradenin oyununu necə dəyərləndirirsiniz?

– Patrik istədiyimiz oyunu verməyə çalışdı. Böyük potensialı var. O da komandanın bir hissəsidir. Daha da yaxşı oyunları olacaq.

 

– Naxçıvana səfər ev oyunlarını yaxın zamanda orada keçirə biləcəyinizlə bağlı mesaj idi?

– Sadəcə görüş idi. Mövsümün sonunda getmək istəyirdik, amma qrafik sıxlığına görə alınmadı. Komanda həmin şəhəri görməklə məmnun oldu. Futbolun Naxçıvanda sevildiyini gördülər. Ora qayıtsaq, komanda olaraq böyümək ehtimalımız genişlənər.

 

– Felipe Santosun durumu necədir? Benin yığmasına çağırıla bilər. Bu baş versə, Afrika Millətlər Kuboku zamanı uzun müddət düşərgənizdə olmaya bilər.

– Santos əlbəttə, öz vətənində oynamaq istəyər, amma ora düşmək ehtimalı çox aşağıdır. Qərar özünündür. Ona uğurlar arzu etdik. Dünya çempionatında iştirak etmək arzusu ilə Benin vətəndaşlığını qəbul etdi.

 

– Patrik Andradenin yığması Kabo-Verde dünya çempionatına vəsiqə qazanıb. Amma o, heyətdə yer almamışdı. Psixoloji durumu necədir?

– O da buna sevinir. Amma indi diqqəti komandadır. Patrik ölkəmizdə yaxşı oyunu ilə seçilən futbolçulardandır.