“Uzun fasilə yarandığından çətin olacağını bilirdik. Heyətdə məşq prosesində bizimlə birlikdə olmayan futbolçular var idi. "Zirə” liderlər qrupunda qərarlaşan komandadır və çempionat ərzində iddiasını nümayiş etdirir. Komandanı həftəlik ağır oyuna hazırlayırdıq. Sevindirici haldır ki, oyunçular meydanda plan üzrə bütün tapşırıqları yerinə yetirməyə çalışdı”. Sport24.az xəbər verir ki bu fikirləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis birinci hissədə tam istədikləri oyunu göstərə bilməmələrini bu cür izah edib: “Səbəb deyəndə ki, “Zirə”ni də qeyd eləmək lazımdır. Rəqib təzyiq göstərirdi, müdafiədən rahat çıxmağımıza imkan vermirdi. Ancaq deyim ki, ilk hissədəki çıxışdan da razıyam. Komanda meydanda nizam-intizamı qoruyub saxlayırdı. Sadəcə, ikinci hissədəki əvəzetmələr oyuna dəyişiklik gətirdi və tam üstünlüyü ələ aldıq”.

Baxşıyev idövrəni turnir cədvəlinin 3-cü pilləsində başa vurmalarına da münasibət bildirib: “İnandırım sizi, nə mən, nə də komanda turnir cədvəlinə baxırıq. Yalnız qarşıdakı matçı düşünürük. Mövsüm uzundur, komanda şəklində daha yaxşı ola bilərik. Bu potensialımız var. Fernan Torres də oyunumuza rəng qata biləcək futbolçudur. Getdikcə daha yaxşı olacağımıza inanıram”.

O, qarşılaşmadan sonra yarımmüdafiəçiləri Ehtiram Şahverdiyevlə “Zirə”nin müdafiəçisi Dmitrios Çantaikas arasında yaşanan qalmaqala da toxunub: “Həmin hadisə emosiya ilə bağlı yarandı. Futbolçular meydançada özlərinə nəzarət etməyi bacarmalıdırlar. Oyunun ajoitajı hərdən belə insidentə gətirib çıxarır. Çox qabartmağa ehtiyac yoxdur. Futbolda olan hadisədir, normal qarşılayırıq”.