"İyunun 28-də klubdaxili toplantımız olacaq və həmin toplantı sonrası hazırlıq planımız müəyyənləşəcək". Bu sözləri Sport24.az-a açıqlamasında "Baku Sporting"in baş məşqçisi Elman Sultanov deyib.
Sultanov komandasının növbəti mövsüm üçün hədəfindən söz açıb:
"Müqaviləsi bitən 10 nəfərlə yollarımızı ayırmışıq. Ancaq bu son deyil, böyük ehtimalla, gedənlərin siyahısına başqa futbolçular da əlavə olunacaq. İkinci Liqada bizimlə olan hücumçu Röyal Nəcəfovu geri qaytarmışıq. Düşərgədə görmək istədiyimiz digər futbolçular da var ki, onlarla danışıqlar gedir. İndiki məqamda konkret nəsə söyləyə bilmərəm, dəqiqləşsin, bu haqda mətbuata açıqlama veriləcək. Mobil, çalışqan, əzmkar heyətlə yola çıxmaq fikrindəyik. İndidən hədəflər haqqında danışmaq istəmirəm. Bu komandanın komplektləşməsindən asılıdır. Təbii ki, ötən mövsüm bizim üçün böyük təcrübə idi, bu dəfə isə artıq sözümüzü deməyə çalışacağıq".
Qeyd edək ki, "Baku Sporting" ötən mövsüm Birinci Liqanı 28 xalla 8-ci pillədə başa vurub.