AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, yığıncaqda Azərbaycan Kubokunun 1/8 final oyunlarında baş verənlər müzakirə olunub.

MOİK – “Səbail” matçında təcili tibbi yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə meydan sahibləri 1600 manat cərimələnib. Qarşılaşma xərəkdaşıyanlarla normal təmin olunmadığına görə ordu klubuna xəbərdarlıq edilib.

“Şamaxı” – “Turan Tovuz” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb.  “Şamaxı”nın futbolçusu Cəlal Hüseynov ikinci sarı vərəqəyə görə "qırmızı" alaraq meydançadan kənarlaşdırıldığı üçün,1 oyunluq diskvalifikasiya olunub və klubunu 200 manat ziyana salıb. 

Matç başa çatdıqdan sonra meydan sahiblərinin məşqçisi Cavid Hüseynov birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb. O, kubok oyunlarından 6 matçlıq kənarlaşdırılıb, Şamaxının eyniadlı təmsilçisi 4800 manat cərimələnib.