Premyer Liqanın lideri "Qarabağ"ın bu tur sınağa çəkəcəyi komanda "Səbail" olacaq. Autsayderin Bayıldakı bugünkü görüşdə şansları aşağı qiymətləndirilsə də, hər halda, məhz evdə güclü rəqibindən xal alması - 1:1 hesablı bərabərliyə qalması faktı var. Bəs, bu dəfə necə olacaq? Bu və digər suallara cavab tapmaq üçün "Səbail"in heyətində ən təcrübəli futbolçulardan olan, karyerasının ən yaxşı illərini məhz "Qarabağ"da keçirən yarımmüdafiəçi Əfran İsmayılovu seçdik. 

- "Qarabağ"la matça hansı motivasiya ilə hazırlaşmısınız? Çünki "Səbail" xeyli vaxtdı nəinki qələbə qazana, qol da vura bilmir. Bu mənada əhval-ruhiyyəniz maraqlıdı...

- "Qarabağ"ın elə adı bütün əhval-ruhiyyəni, motivasiyanı göstərir. Çünki belə bir komandayla qarşılaşırıq. Hamı bilir ki, "Qarabağ"a qarşı necə hazırlaşmaq lazımdı. Sizi inandırım ki, burda məşqi, hər şeyi qoyuruq bir qırağa - əsas rəqibə görə köklənmədi. İnanıram ki, bu amilə görə yaxşı nəticə qazana bilərik. Üstəlik, evdə çıxış edirik və əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, ən azından 1 xal götürək. 

- Əsas evdə oynamağınızı üstünlük saymaq olar sintetik qazon amilinə görə?

- Bəli, məncə, evdə oynamaq bizə daha çox üstünlük olacaq. Çünki bu qazona daha çox öyrəşmişik. Burdan çıxıb təbii otda oynayanda bizə daha çətin olur. 

- "Səbail" elə bu çempionatda evdə "Qarabağ"ı büdrədib. Buna yenə gücünüz çatar?

- İnşallah, yenə bunun üçün əlimizdən gələni edəcəyik. Bizə nə lazımdı? Fikirləşmirik ki, kim çempion olacaq. Onu düşünürük ki, xalımızı artıraq, turnir cədvəlində daha yuxarılara qalxaq. İnşallah, matçı nəticə ilə başa vurmaq haqda düşünürük. 

- Yeri gəlmişkən, çempionluq mübarizəsində proqnozun necədi? Yəqin, keçmiş komandan "Qarabağ"ın çempion olmasını istəyərsən...

- Əlbəttə, birmənalı şəkildə! Allahın köməyilə də əldən buraxmayacaq bu liderliyi "Qarabağ". Hər iki komandaya qarşı oynadığıma görə deyə bilərəm ki, "Qarabağ" "Neftçi"dən daha güclüdü. 

- Hər dəfə "Qarabağ"la oyunlar gələndə, şəxsən özün hansı əhval-ruhiyyədə olursan? Motivasiyan necə olur? Yoxsa hər şey çoxdan keçmişdə qaldığından, sənin üçün xüsusi yox, artıq adi bir matç olur?

- Əsas mənim üçün bu olur ki, çoxdan görüşmədiyim dostlarımı görürəm. Bu, birinci amildi. Futbolu qoyuram bir kənara, o yaşda deyiləm ki, oturum o şeyləri fikirləşim. Boş vaxtımız az olduğundan "Qarabağ"dakı çox dost-tanışı görə bilmirəm, bu fürsət yaranır matçda. Şükürlər olsun ki, belə bir oyunda hamımız görüşürük və buna görə şad oluram.

- "Qarabağ"a qol vurduğunu xatırlayırsan?

- Dəqiq yox. Bilmirəm olubmu... Bunu deyə bilmirəm.

- Bəziləri keçmiş komandasına, yetirməsi olduğu kluba qol vuranda bunu qeyd eləmir. Bəs, sən "Qarabağ"ın qapısına yol tapsan?

- Ümumiyyətlə, qol vuranda, bunu çılğın şəkildə qeyd eləmirəm. Tək "Qarabağ"dan söhbət getmir. Bilmirəm o hiss necə yaşanır, düz-əməlli yaşaya bilmirəm. Onunla razıyam ki, səni yetişdirən, çörək verən komandaya qol vuranda, bunu çox sevinərək qeyd etmək doğru deyil. Buna yaxşı baxmıram, bunu yaxşı bir şey kimi başa düşmürəm. 

- "Qarabağ"ın oyunu alınanda, qələbəni darmadağınla qazanır. Keçən tur "Sumqayıt" üzərində gördük bunu. Bu, indidən sizdə təşviş yaratmır?

- Əlbəttə, bu, "Qarabağ"ın gücündən irəli gəlir ki, "Sumqayıt" kimi komandaya 4 qol vuraraq qalib gəldi. Maraqlı futbol oynadı həqiqətən. Bizi bu nəticə qorxutmur, sadəcə, daha ciddi hazırlaşmağa, daha yaxşı analiz etməyə şərait yaradır. "Qarabağ" elə komandadı ki, heç vaxt "boşalmaq" olmaz. Bilirsiniz ki, hücum xətti güclü olduğundan hər boşluqdan istifadə edir, əks-hücumlarda çox təhlükəlidi. Bu şeyləri nəzərə alaraq üzərində işləyirik, maksimum yararlanmaq istəyirik imkanlarımızdan. 

- Qalan 6 tura hansı motivasiya ilə hazırlaşırsınız? Avrokuboklara vəsiqə verə bilən 4-cü yerə qalxmağınız çox çətin olacağından qarşınızda duran məqsəd nədi? Maraqlıdı, özünüz özünüzü oyunlara necə hazırlayırsınız?

- Belə bir şey var həqiqətən ki, həm maddi, həm futbolçu cəhətdən demək olar bütün komandalardan geri qalırıq. Bu da həqiqətən bir az pis təsir göstərir. Ancaq burda baş məşqçi amili var - böyük qardaşımız Aftandil Hacıyev. Hamımız bir-birimizi yaxşı tanıyırıq, bir-birimizə qardaşıq. Təcrübəli futbolçularımız çoxdu. Hər şeyi qoyub bir kənara, ilk növbədə adımıza görə oynamalıyıq. Ən azı "Səbail" adına nə qədər yuxarı qalxa bilirik,   ora qalxacağıq. 6 turda maksimum nəticə göstərməyə, nəyə layiqik, həmin mövqeyə yüksəlməyə çalışacağıq.

- Həm klubunla, həm də öz futbolçu karyeranla bağlı gələcək perspektivi necə görürsən? 

- Açığı, hər şey müəmmalı qalır. Belə baxıram ki, klubumda daim çıxış edirəm, oynamağa doğrudan hələ gücüm var. Olmasaydı, deyərdim ki, yoxdu. Komandamızın taleyi isə hələ dəqiq bilinmir. Çox güman, qalarıq. Çünki gözəl bazası, şəraiti var "Səbail"in. Bu baxımdan hər şey yüksək səviyyədədi. Belə bir klubun yox olması getdikcə Azərbaycan futbolunun çökməsi deməkdi. Pis çıxmasın, onsuz da dağıla-dağıla gedir klublarımız. İnşallah, "Səbail" dağılmaz, qalarıq və növbəti mövsüm üçün razılaşsaq, çıxışımızı davam edirək. Alınmasa, başqa variantlar varsa, buna baxacağıq.

- Maddi sıxıntılarınız var?

- Az da olsa var. Ancaq elə bir adda futbolçular burda cəmləşməyib ki, durub gecə-gündüz pulu fikirləşək. Əlbəttə, pul da böyük rol oynayır. Ancaq ad, hörmət elə bir şeydi ki, onu heç vaxt aşağılaya bilmərik.  

 

 

MEHMAN SÜLEYMANOV