"Çoxdandır ki, milli komanda haqqında ürəklə, istəklə, rahat danışmırdıq. Bu dəfə nəsə söyləmək xoş və sevindiricidir". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

37 yaşlı keçmiş yarımmüdafiəçi yığmanın DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya uduzduğu (1:2) oyunla bağlı fikirlərini bölüşüb:

"Əzm, istək və görmək istədiyimiz oyun yavaş-yavaş qayıdıb. İnanıram ki, zaman keçdikcə taktika və oyun daha da inkişaf edəcək. Hər şey qaydasına düşəcək. Millinin baş məşqçisi Ayxan Abbasova çox sağ ol demək istəyirəm. Tez bir zamanda kollektivi toparlaya bildi. Ukrayna ilə Bakıda heç-heçəyə nail oldu. Parisdə Fransa ilə görüşdə əzmkarlıq göstərdilər. Dünən Ukrayna ilə qarşılaşmada da mübarizə və əzmkarlıq gördük. Həmin görüş heç-heçə də bitə bilərdi. İlk dəqiqələrdəki fürsətdən yararlana bilsəydik, qələbə də qazanmaq mümkün idi".

İsmayılov D qrupunda komandanın şansının əvvəldən az olduğunu xatırladıb:

"Amma oyunumuz inkişaf edib. Əzm, milli ruh geri qayıdıb. Bu da sevindirici haldır. İnanıram ki, bundan sonra İslandiya bizə rahat şəkildə 5-6 qol vura bilməyəcək. Bakıda, öz azarkeşlərimizin önündə ən azı bir xal qazanacağımıza ümid edirəm. Hamı istəklidir. Getdikcə daha yaxşı nəticələr əldə edəcəyik. Millidə bu görsənir. Azərbaycanda futbol və futbolçular var. Sadəcə, onları idarə edib yaxşı oynatmaq lazımdır. Ayxan Abbasov da bunu çox gözəl bacarır. Oyunçuları yaxşı tanıyır. Millimizə qarşıdakı matçlarda uğurlar arzulayıram".