Premyer Liqamızda XIX turunu cəza üzündən 7 futbolçu buraxacaq. Sport24.az xəbər verir ki, üçüncü dövrənin son turunda həmin problemi ən çox bugünkü açılış matçının iştirakçıları yaşayacaq.

Belə ki, "Səbail"lə "Zirə"nin hər birində 2 cəzalı futbolçu var. Bunlar "dənizçilər"də yarımmüdafiəçilər Ruslan Hacıyevlə Əfran İsmayılov, "qartallar"da yunan müdafiəçi Dimitrios Çantakiosla millimizin sabiq yarımmüdafiəçisi Riçard Almeydadır. Ruslandan fərqli digər futbolçular cari çempionatda 4-cü "sarı"larını alaraq vərəqə limitini aşdıqlarından cəzalıdırlar. Hacıyev isə hələ keçən turdan cəzasını çəkir. Aldığı birbaşa qırmızı vərəqəyə görə 2 oyunluq diskvalifikasiya olunan bu gənc cinah yarımmüdafiəçisinin cəzası bu tur bitir.

Sabah "Sabah"ın qonağı olacaq "Qəbələ"də də 2 cəzalı futbolçu var. Bunlar legionerlər - albaniyalı müdafiəçi Yurgen Qoxayla gürcü yarımmüdafiəçi Merab Qiqauridi. Qoxa cari çempionatda 4-cü dəfə sarı vərəqə alıb. Qiqauri isə AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq diskvalifakiyaya məruz qalıb və onun cəzası məhz bu turdan başlayır. 

Bu turda "Keşlə" də cəzadan əziyyət çəkir. Bu, komandanın vitse-kapitanı olan müdafiəçi Tərlan Quliyevdi.