2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcəyi gözlənilən futbol üzrə dünya çempionatı hava şəraitinə görə yayda deyil, qışda təşkil oluna bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Səudiyyə Ərəbistanında yay aylarında havanın hərarəti yüksək olduğundan Səudiyyə Ərəbistanında turnirin keçirilməsi üçün ən əlverişli ay yanvar ayı hesab olunur.
Yayda keçirilməyən ilk dünya çempionatı Qətərin ev sahibliyi etdiyi DÇ-2022 olub. Mundial noyabr və dekabr aylarını əhatə edib. Beynəlxalq Futbol Federasiyasının (FİFA) tövsiyələrinə görə, bu aylarda Səudiyyə Ərəbistanında dünya çempionatının keçirilməsi mümkün olmayacaq. Çünki ölkədə dini tədbirlər zamanı turnirlərin keçirilməsi qadağandır.
2034-cü ildə Ramazan ayının 11 noyabrdan dekabrın 10-dək davam edəcəyi gözlənilir. Buna görə də DÇ-2034 yanvar ayında təşkil edilə bilər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edən yeganə ölkədir. Avstraliya da iştirak hüququnu irəli sürüb, lakin sonradan namizədlikdən imtina edib. 2026-cı ildən dünya çempionatlarında 48 komanda iştirak edəcək.