"Qarabağ" üçün daha bir Avropa gecəsi yaxınlaşır.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ağdam təmsilçisi Ukraynanın "Dinamo" (Kiyev) klubunu qəbul edəcək. Səfərdə 0:1 hesabı ilə məğlub olan Qurban Qurbanovun yetirmələri üçün vəziyyət heç də ümidsiz deyil. Əksinə, mərhələni keçmək üçün bütün şanslar öz əlindədir.
Bəli, ilk oyunda alınan nəticə arzuolunan deyil. Amma bir qol fərqi "Qarabağ" üçün keçilməz sədd sayıla bilməz. Qarşıda 90 dəqiqə var və həmin 90 dəqiqədə hər şey dəyişə bilər. Bunun üçün isə komandanın yalnız meydandakı futbolçulara deyil, tribunadakı 12-ci oyunçuya da ehtiyacı var.
"Qarabağ" son illərdə Avropada qazandığı uğurlara təkcə futbolçularının keyfiyyəti, məşqçilərinin işi və klubun düzgün strategiyası ilə nail olmayıb. Bu uğurların arxasında tribunaları dolduran, komandasına sonadək inanan və ən çətin anlarda belə "Qarabağ"ı ayaqda saxlayan azarkeşlər də dayanıb.
Avrokuboklarda Ağdam klubunun ev oyunlarının ab-havasını xatırlamaq kifayətdir. Rəqibin kimliyindən, hesabın necə olmasından asılı olmayaraq tribunalardan gələn dəstək futbolçulara əlavə güc verib. Bəzən bir tribunadan yüksələn səs, bir neçə dəqiqə ərzində oyunun gedişatını dəyişə biləcək enerjiyə çevrilib.
İndi həmin dəstəyə yenidən ehtiyac var.
"Dinamo" ilə cavab görüşü adi oyun deyil. Bu, "Qarabağ"ın Avropadakı yolunun davam edib-etməyəcəyini müəyyənləşdirəcək qarşılaşmadır. Belə oyunlarda futbolçuların meydanda mübarizə aparması nə qədər vacibdirsə, azarkeşlərin tribunalarda yaratdığı atmosfer də bir o qədər önəmlidir.
Ona görə də "Qarabağ"ın bütün azarkeşlərinə çağırış etmək lazımdır: komandanı tək qoymayın!
Oyunun ilk dəqiqəsindən son saniyəsinə qədər futbolçuların yanında olun. Hesab istənilən kimi olsun, mübarizə necə inkişaf etsin – dəstəyi əsirgəməyin. Çünki futbolçu tribunadan gələn səsi hiss edir. O səs ona əlavə motivasiya verir, yorğunluğun qarşısında dayanmağa, son ana qədər mübarizə aparmağa kömək edir.
"Qarabağ"ın bu mərhələni keçməsi üçün bir qola ehtiyacı ola bilər. Amma bəlkə də həmin qola aparan yolda ən böyük qüvvə məhz tribunadakı dəstək olacaq.
İndi sıra azarkeşlərdədir.
"Qarabağ" meydanda öz işini görməlidir. Tribunalarda isə siz öz işinizi görün. Bu komandanın Avropadakı yolunu davam etdirmək üçün hər bir səsə, hər bir alqışa, hər bir dəstəyə ehtiyacı var. "Dinamo" ilə oyunda "Qarabağ"ı tək qoymayaq!
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.