Canni de Byazi Azərbaycan milli komandasının tarixinə düşüb. Sport24.az xəbər verir ki, 66 yaşlı italiyalı mütəxəssis millimizin "sükanı arxası"nda rəsmi turnirlərdə ən çox qələbə qazanan baş məşqçi adına şərik çıxıb.

De Byazi məhz gəlmələrin rekordlarını təkrarlayıb. Belə ki, bunadək almaniyalı Berti Foqts və xorvatiyalı Robert Prosineçki də millimizə 4 rəsmi qələbəni qazandırıb. 

De Byazi Millətlər Liqasının ötən mövsümündə Kipri 1:0 yenib, bu tsikldə isə Belarusu 2:0, Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib. Bütün qələbələri Millətlər Liqasına təsadüf edən italyan DÇ-2022-nin seçmə oyunlarında qalib gəlməyib.

Ümumilikdə isə millimiz 19 dəfə rəsmi qələbələrə - seçmə mərhələ və Millətlər Liqasında 3 xala sevinib. Rekordçu trionu təşkil edən Foqts, Prosineçki və de Byazi bunun 12-nə nail olub. Qurban Qurbanov 2, Kazbek Tuayev, Əhməd Ələsgərov, İqor Ponomaryov, Əsgər Abdullayev və Şahin Diniyev hərəyə 1 qələbə əldə edilib.

Qeyd edək ki, milli komandamız AVRO-1996-dan beynəlxalq arenaya çıxaraq seçmə oyunlar keçirib, 2018-ci ildə isə Millətlər Liqasında da debüt edib.