"Qəbələ" Antalyada qış təlim-məşq toplanışını ən tez başa vuraraq Vətənə dönən klublarımızdandı. Yoxlama matçlarında “Sepsi” (Rumıniya) ilə heç-heçə edən (2:2) və “Lukenvalde” (Almaniya) üzərində qələbə qazanan (3:2)  Elmar Baxşıyevin yetirmələri Çexiya "Teplitse"sinə uduzub (1:2). Son görüşdə əlbəyaxa dava düşüb. Belə ki, insident matçın sonlarına yaxın rəqib futbolçu ilə "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov arasında baş verib. Daha sonra digər oyunçular insidenət qarışıblar və qarşıdurma daha da böyüyüb. Bunu görən baş hakim oyunu vaxtından əvvəl - 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub. Məmmədov Sport24.az-a müsahibəsində bu insidentə də toxunub.

- İkihəftəlik toplanışınızı nə dərəcədə faydalı sayırsınız?

- Hər şey yaxşı, istədiyimiz kimi oldu. Keçən ilə baxanda, bu il hava şəraiti imkan verirdi ki, istəyimizi edək, istədiyimiz məşqləri alaq. Gündə 2 məşq elədik, fasilə az olduğuna görə yükləmə elə də çox olmadı. Deyərdim ki, oyunla yükləndik. Bir gündən bir oynadıq, özü də yaxşı komandalara qarşı. Onlardan biri aşağı liqa təmsilçisi ("Lukenvalde"-müəllif.) olmağına baxmayaraq, pis komanda deyildi. Əsas odur ki, həmin matç bizə effekt verdi - gözlədiyimizdən də yaxşı.

- Hansı planda?

- Belə matçları arada oynamaq lazımdı ki, harda "boşalma" olduğunu hiss edəsən, buna yol verməyəsən. Hətta cari mövsümün ilk yarısında oldu ki, bəzi oyunlarda hesabda irəlidə olsaq da, sonda ya məğlub olduq, ya heç-heçə elədik. Özündən zəif komadalarla da oynamalısan ki, çox arxayınlaşmanın qarşısını alasan. 

- Son matçınız daha çox danışıldı, əsas diqqət mərkəzində də məhz sən idin. Orda nə baş vermişdi?

- Orda rəqibin tərbiyəsizliyi baş verdi mənə qarşı. Bildiyim qədərilə bu, videolarda var, qarşıma da çıxmışdı. Rəqib futbolçu 1 metrdən topu qəsdən üzərimə vurdu və hər şey ondan başladı. Özü də bu, yoldaşlıq görüşü idi və belə hərəkət etmək olmaz. Onun tərbiyəsizliyinə istər-istəməz cavab verəsi oldum. Məncə, haqlı idim və videoya baxanda görə bilərsiniz ki, onlara nə olubsa, hələ az olub. 

- Həmin futbolçuyla bunadək oyunun gedişində aranızda insident olmuşdu?

- Yox-yox. Hətta deyərdim ki, həmin anadək oyun normal gedirdi. Olur ki, hansısa futbolçuya, hansısa komandaya qarşı aqressiya olur. Amma bu baxımdan heç bir şey yox idi. Həmin epizoddan 1 dəqiqə əvvəl oyun epizodunda həmin futbolçuyla kontakta girdik. Mən tərəfdən yüngül müdaxilə vardı, bu, videoda görünür. Uşaqların mənə dediyinə görə, orda heç qayda pozuntusu da yox idi. Yəqin, elə fikirləşib ki, guya ona qarşı sərt oynamışam. Onun tərbiyəsizliyinin qarşısını yüksək səviyyədə aldıq, cavabını verdik. 

- Kapitansan və baş məşqçi tərəfindən sənə qınaq oldu? Həm də nəzərə alaq ki, matç vaxtında başa çatdırılmadı...

- Oyunun axırıncı dəqiqəsi idi, ona görə dayandı. 15 dəqiqə qalsaydı, dayanmayacaqdı - elə fikirləşirəm. Son dəqiqə idi, baş hakim ona görə bitirdi ki, insident böyüməsin. Çempionat matçı olsaydı, sözün düzü, mən də elə davranmazdım. Videoda da görürəm ki, onunla yenə soyuqqanlı davranıram. Epizodun birində keçdiyim vaxtı mənə təpik atır. O da buna görə artıqlamasıyla - üçqat cavabını alır.  Təəssüf ki, o, kadra düşmür. Düşsəydi, daha yaxşı olardı.

- İndiyədək Antalyada çox olmusan. Əvvələrbelə insidentin olmuşdu?

- Yəqin, əvvəl də olub. Sadəcə, çəkiliş olduğuna görə ajiotaj doğurmurdu. Futbolda normaldı belə insidentlər. 

- Artıq 37 yaşın var. Fiziki durumun necədi? Mövsümün sonunadək oynamağa gücün olacaq?

- Hələ ki normaldı vəziyyətim. Şükür Allaha, hazırda hər şey yaxşıdı. Görək çempionatda necə olacaq. 

- Mövsümün həlledici sayılan ikinci yarısından nə gözləyirsiniz?

- Hədəfimiz odur ki, klubun yaşaması, irəliləməsi üçün çalışaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Onu da başa düşürük ki, Avropaya düşməyimiz kluba daha da can vermək deməkdi. Klubun gələcəyi üçün Avropaya düşsək, daha yaxşı olar. Çünki bu, maddi sarıdan da çox vacibdi.

- Bu yol yarımfinalçısı olduğunuz ölkə Kubokunda daha real görünür?

- Vallah, hər iki "cəbhə"də vuruşacağıq. Kubokda elədi ki, hə, finala çıxarsan, o da elə oyundu heç nəyi bilmək olmur, uduzub əlini yana salaraq gedə bilərsən evə. Biri də var ki, reallıqda çempionatda 4-cü yeri tutan çox güman, Avropaya gedəcək. Biri var Kuboka həyəcanlı çıxasan, bir də var 4-cü yeri tutub çıxasan Avropaya. Onda işimizi asanlaşdırmış olacağıq. Finala rahat çıxacağıq ki, uduzsan da, Konfrans Liqasına yollana biləcəyik.

- Amma bir şey də var ki, "Səbail"lə "Turan Tovuz" Kuboku götürsə, 4-cü yerin dəyəri olmayacaq. Bunun üçün "Qəbələ" olmasa, yekunda medalçılar sırasında olacağı gözlənilən "Neftçi"nin Kuboku qazanması lazımdı...

- Orası da düzdü, bunu fikir verməmişəm. Təxminlərimi deyirəm, əsas odur ki, 4-cü yer bizim üçün çox önəmlidi. 

- Belə sayırsan ki, 3-cü pilləni tutub medalçı olmağınız çətindi?

- Reallığı götürsək, bəli.

- "Qəbələ" qış fasiləsində yeganə komandadı ki, heyətində heç bir dəyişiklik yoxdu - nə gedən, nə də gələn futbolçu oldu. Qüvvəniz varmı məqsədinizə çatmaq üçün?

- Deyərdim ki, var. Niyə yoxdu? Komandamız çox yaxşıdı. Əlavə oyunçu gəlməsə belə, bu komandayla çox şey eləməyə borcluyuq, qadirik. Çünki keçən ilə baxanda, heyətimiz daha genişdi. Ötən mövsüm eləmişiksə, bu mövsüm niyə olmasın? Onda heyətimiz qısa idi, bunu bacarmışdıq. Əlimizdən gələni edəcəyik ki, axırda məqsədimizə çataq. 

 

 

MEHMAN SÜLEYMANOV