Azərbaycan Premyer Liqasının XIV turunun "Səbail" - "Qarabağ" oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb...

 

- "Qarabağ"ı təbrik edirəm. Üzücü məğlubiyyət oldu. Komandanın potensialı var, istədiyimiz nəticələri yaxın vaxtda alacağıq. Heyətdə itkilərimiz var idi və oyuna hazırlaşmaq üçün vaxtımız az idi. 

 

- Futbolçulara nə tapşırıq vermişdiniz?

- Heyət geniş olanda sistem dəyişikliyi etmək olur. Lakin bu gün futbolçuların sayına görə heyət qurduq. İkinci hissədə səhvlərə yol verdik. Komandanın fiziki durumu yaxşı deyil, qısa zamanda nəsə etməyə çalışdım.

 

- Qarşınıza hansı hədəf qoyulub?

- Məqsədimiz Premyer Liqada qalmaqdır. Transferlərə ehtiyacımız var. Bəzi mövqelərə oyunçu çatmır. Hücumda çətinliklərimiz var. 

 

- Özünüzü "Səbail"ə nə dərəcə faydalı görürsünüz?

- Məşqçi karyeramda əldə etdiyim nailiyyətlər bəllidir. Qorxaq insan olmamışam. Təklif gələndə ailəmlə danışdım və qərar verdim. "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevlə 4 ay işlədim və ondan yaxşı təcrübələr qazandım. İnanıram ki, burda da yaxşı nəticələr qazanacağıq.

 

- "Cəbrayıl"ın təsisçisiniz. Burda işləməyiniz ordakı işlərə necə təsir edəcək?

- "Cəbrayıl"da yaxşı komanda qurulub. İndi "Səbail"dəyəm və daha çox vaxtımı bura ayırıram.

 

Nuh Tarverdiyev