Region Liqasının debütantı "Cəbrayıl" ilk məğlubiyyətini hesabat turunda ilk ev matçında böyük hesabla (1:4) aldı. Rəqib çempionluğa əsas namizədlərdən sayılan Quba "Şahdağ"ı idi. "Cəbrayıl"ın baş məşqçisi və prezidenti Cavid Hüseynov matçı keçirildiyi Binə qəsəbə stadionundan izləyən Sport24.az-ın əməkdaşının suallarını cavablandırdı.
- Matçla bağlı təəssüratlarınız necədi?
- Xoş. İndi nəticə haqda düşünmürük. Çünki yeni yaranan, yeni formalaşdırdığımız komandadı. Futbolçular da yenidilər, gəncdilər. Ən çox da üstünlüyü gənclərə vermişik - əsasən 2001-03-cü il təvəllüdlülərdi. 2-3 təcrübəli futbolçudan istifadə edirik. Çalışırıq ki, komandanı daha yaxşı formalaşdıraq. Konkret matça gəlincə, çox maraqlı oldu. İki fərqli hissə izlədik. Uşaqlarda yorğunluq halı baş verdi. Bu da nəticədə zonalarda kompakt oyunumuza təsir elədi. Rəqib də bundan istifadə elədi. Amma bizim də çox qol şansımız oldu. Sadəcə, bunları dəyərləndirə bilmədik. Yenə deyirəm ki, bugünkü gündə Regional Liqanın gözü bəlkə də burda idi. Çünki iki güclü komanda görüşürdü. Quba "Şahdağ"ını təbrik edirəm, həqiqətən yaxşı komandadı. Son illərin çempion heyətidi, sadəcə, indi başqa komandada qərarlaşıblar. Uğurlar arzu edirəm.
- Bu çətin matçda meydana çıxıb komandana kömək etməyi düşündünmü?
- Yox-yox. Sözün açığı, özümün oynaması haqda düşünmədim.
- Yəni, Region Liqasında da meydana çıxmayacaqsan və futbolçu karyeranı bitirməklə bağlı artıq son nöqtəni qoymusan...
- Vallah, buna oxşayır. Onsuz da karyerama nöqtə qoymuşam futbolçu kimi. Sadəcə, gənclərin qarşısını almaq istəmirəm. Çıxım oynayım, hə, qələbə qazanaq - bu, mənim üçün nəticə deyil. Nəticə mənim üçün bugünkü gündə komandaya cəlb etdiyim gənc futbolçuların nəticəsidi inkişaf etmək yolunda.
- Qazi futbolçunuz İlkin Kərimli meydana çıxmadı. Səbəb?
- Bizimlə idi, ehtiyatda yer almışdı. Dəyişiklik etmək istədik ki, onu da meydana buraxaq. Sadəcə, vaxt çatmadı.
- AFFA-nın Region Liqasına diqqəti haqda nə deyə bilərsən?
- AFFA-dan çox dəstək almışıq. Şəxsən bizim komanda haqda bunu deyə bilərəm. Matça azarkeşlərimiz də gördünüz. Həqiqətən maraq var. Hərdən zarafat üçün deyirik, ancaq bəzən reallıq olur ki, Premyer Liqada elə matçlar olur heç bu qədər azarkeş gəlmir. Region Liqada həqiqətən azarkeşlər var. Futbol da azarkeşlər üçün oynanılır, bu da maraq qatır. Həqiqətən maraqlı çempionatdı.
- İlk dövrəni bitirdiniz. Komandanız 3 matça ümumilikdə necə təsir bağışladı? Əsas hansı komponentlər var ki, buna diqqət yetirməlisiniz?
- Əsas təlim-məşq toplanışını keçmədiyimiz özünü göstərir. Çox qısa zamanda yığıldıq. Müəyyən şərtlər var ki, həftədə 3 dəfə məşq edirik. O şəxsən mənim, bizim iş rejimimizdə bir az çatışmazlıqlar yaradır. İstəyərdik ki, hər gün məşq edək. Bir az başqa-başqa problemlər var. Əsas bu idi ki, bəlkə o hazırlıq prosesini, təlim-məşq toplanışı keçsəydik, bugünkü hazırlığımız daha yaxşı, əla formada olardı. Sadəcə, bu komponentdə bir az çatışmazlıq var.
- Heyətdə dəyişiklik etmək imkanınız var mövsümün gedişində?
- Bəli. Sadəcə, həmin oyunçu baqşa komandanın heyətində qeydiyyatdan keçməməlidi. Bu il belə futbolçu olsa, onu heyətinə sifariş edə bilərsən.
- Gedişatda güclənməyi düşünürsünüz? Onu nəzərdə tuturdum...
- Sözün açığı, belə futbolçular yoxdu. Güclülər artıq hamısı komandalardadı. Dekabrda buna baxacağıq. Hələ klub olaraq 6 ay müddətini özümüz üçün izləmək vaxtı vermişik. Bundan sonra ola bilsin hansısa bir dəyişiklik olsun heyətimizdə.
MEHMAN SÜLEYMANOV