Dünən "Sabah" bəyanat yayaraq, Elvin Camalovun Azərbaycan Kubokunun yarımfinalının ilk oyunu ərəfəsində "bayquşlar"ın  futbolçularından biri ilə iki dəfə əlaqə saxlayaraq, ona cari mövsümün sonunda "Neftçi"yə keçməyi təklif etdiyini bildirib. Bəyanatda o da vurğulanır ki, Masazır təmsilçisinin sabiq kapitanı futbolçuya "ağ-qaralar"ın baş məşqçisinin ona yüksək dəyər verdiyini xüsusi vurğulayıb.

 

Bəs Camalovun əlaqə saxladığı futbolçu kimdir? Dünəndən bu yana hamını bu sual düşündürür. Sport24.az-ın əldə etdiyi məlumata görə, söhbət Cesse Sekidikadan gedir.

 

Məşhur "transfermarkt" portalında nigeriyalı oyunçunun "Sabah"la müqaviləsinin 2025-ci ilin iyununda başa çatacağı göstərilib. "Bayquşlar"ın rəhbərliyi onunla yeni müqavilənin detallarını müzakirə etməyə başlayıb. Bu zaman Sekidika qiymətini qaldırmaq üçün "Neftçi"nin də ona maraq göstərdiyini, hətta Elvin Camalov vasitəsi ilə təklif göndərdiyini bildirib.

 

Bir sözlə, yarımmüdafiəçi şəxsi maraqları naminə, daha dəqiq desək, "Sabah"dan daha çox pul qoparmaq üçün Camalovun mesajından niyyətini gerçəkləşdirmək üçün istifadə edib.

 

P.S. Maraqlıdır ki, "Sabah" rəsmiləri Sekidikanın müqaviləsinin 2026-cı ilin iyun ayınadək olduğunu bildirdi və "Transfermarkt"dakı məlumatın həqiqəti əks etdirmədiyini iddia etdi. Bu isə o deməkdi ki, Sekidika "Sabah"la nəinki manipulyasiya etməyib, heç danışıq masası arxasına da əyləşməyib.