“Bilirdik ki, bizi ağır oyun gözləyir. “Qarabağ” çempionatımızın lideridi". Sport24.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ”la 0:0 hesabı ilə nəticələnən oyun barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis qarşılaşmadan sonra mətbuat konfransında komandasının çıxışını dəyərləndiriməklə, yanaşı, rəqibin öz oyun dəst-xətti ilə seçilən komanda olduğunu vurğulayıb: "Təhlükənin haradan gələcəyini bilirdik. Şükürlər olsun ki, komanda meydanda istədiyimiz əzmkarlığı göstərə bildi. “Qarabağ”la başabaş oyun alındı. Azarkeşlər üçün maraqlı, dinamik qarşılaşma oldu. Bu tempi saxlamağa və iddiamızı hər matçda ortaya qoymağa çalışacağıq”.

Baxşıyev baş hakim Kamranbəy Rəhimovun idarəçiliyindən narazılıq bildirib: “Hakimlik barədə danışmaq istəmirəm. Amma elə epizodlar olur ki, onları vurğulamaq lazımdır. Ülvi İsgəndərovun epizodunda penalti verməmək üçün daha nə etmək lazım idi? Hamıya aydın idi, bircə hakim qərar verə bilmədi. Oyunun ab-havasına nəzər yetirdikdə belə bir matça ilk dəfə hakimlik edən şəxsi göndərmələri bizə də qəribə gəldi. Amma ümumi götürəndə aşağı səviyyədə idarəçilik eləmədi, tempi saxlamağı bacardı. Sadəcə, bəzi epizodlar var ki, bizdə müəmma yaratdı. Ümumilikdə komandamın çıxışından razıyam. İnanıram ki, getdikcə daha yaxşı olacağıq”.