Konfrans Liqasının qrup mərhələsinin ilk turunda Bakıda "Qarabağ"la qolsuz heç-heçə edən "Bazel"in sahibi David Degen komandasının oyunundan narazı qalıb. Sport24.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri Bakı Olimpiya Stadionunda keçirilən görüşdən sonra futbolçularla söhbət edib.

38 yaşlı keçmiş futbolçunun komanda ilə çox əsəbi danışdığı, onlara qışqırdığı qeyd olunub.

Bildirilir ki, Degenin futbolçulara "Bazel"i təmsil etdiklərini xatırladıb və daha məsuliyyətli olmalarını tapşırıb. 

"Bazel"inin baş məşqçisi Patrik Rahmen isə bildirib ki, oyunlarda mümkün olan ən yaxşı nəticəni əldə etmək istəsələr də, son vaxtlarda qeydə alınan 3 heç-heçəyə görə təzyiq hiss etmirlər: "Yeni mövsümdə heç bir matçda uduzmamışıq. Çempionatda ən yaxşı top fərqinə malik komandayıq. Amma bir şey aydındır ki, inkişaf etməli və sürəti artırmalıyıq. Özümüzdən gözlədiyimiz də məhz budur. Meydanda mövsümün əvvəlində göstərdiyimiz oyunu sərgiləmək istəyirik".