Premyer Liqamızda növbəti turun maraqlı görüşlərindən biri Sumqayıtda olacaq. Bu şəhərdə eyniadlı komandanın qonağı olacaq "Qəbələ" rəqibiylə xal fərqini 2-yə azatlmaq şansına malikdi. Təbii ki, bunun üçün mütləq qələbə qazanmaq lazımdı. Əks halda, avrokuboklara vəsiqə verəcəyi gözlənilən 4-cü pilləni tutmaq çox çətin olacaq. "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevlə söhbətimiz bu mövzu ətrafında oldu.

- "Sumqayıt"la matça hazırlığınız necə keçdi? Ümumi ab-hava necədi? Əsas narahatlıq doğuran məqam nədi?

- Oyunöncəsi son məşqimizi keçdik və bütün fikrimiz sabahkı matçdadı. Narahat olan məqam zədəli və cəzalı futbolçularımızın olmasıdı. Gördüyünüz kimi, neçə turdu Merab Qiqauri yoxdu. Bəzi matçlarda Murad Musayev, Nikolas Raysel çıxış etməyib. Sabahkı görüşü də cəzalı Ceyms Adeniyi buraxır. Sıxıntı yaşadığımız bu məqamlardı. Amma yenə hər bir futbolçuya güvənirik. İnanırıq ki, o boşluqları doldura biləcəklər.

- Adeniyi "Qəbələ" üçün çox vacib futbolçudu - əsas "vuran ayağınız", bombardirinizdi.  Onun vacib matçda yeri çoxmu görünəcək? Ceymsi əvəzləyəcək hücumçubuz varmı?

- Belə var. Sadəcə, bir futbolçudan asılı olan komanda deyilik. İnanıram ki, Adeniyinin yerinə çıxacaq futbolçu onu layiqincə əvəzləyəcək, verilən tapşırıqları layiqincə yerinə yetirəcək. 

- Bu mənada son günlərdə zədəli olan Raysel gündəmə gəlir. Bu hücumçu sabahkı matçda meydana çıxmağa hazırdımı?

- O, komandayla məşq edir. İnşallah, sabah qərar verəcəyik. 

- Son turda yarımmüdafiəçiniz Kamal Mirzəyev burnundan zədə aldı və MRT müayinəsi nəzərdə tutulmuşdu. Onun hazırkı durumu necədi?

- Ciddi bir şey yoxdu, o da komandayla hazırlıqda iştirak edib.

- Merabın yoxluğu hiss olunur. Onu etdiyi hərəkətə görə - hansı ki 3 oyunluq cəzayla nəticələndi - qınayırsınızmı?

- Merabla da söhbətimiz olub. Özü də peşmandı etdiyi hərəkətə görə. Cəzasını daha yüngül gözləyirdik. Ancaq neyləyək, verilən qərara da hörmətlə yanaşırıq. O, klubdaxili cəzasını alıb.

- "Sumqayıt" necə bir rəqibdi gözünüzdə?

- Çempionata rəng qatan komandadı və heyətində yaxşı futbolçular var. Bizi ağır matç gözləyir. Komandanı belə çətin oyuna hazırlayıq.

- Sumqayıtda turnir cədvəlində qonşuların duelidi. Bu amil qarşılaşmanın gərginliyinə, prinsipallığına nə dərəcədə təsir göstərir?

- Çempionatın əvvəlindən də hazırlığımızı turnir cədvəlinə uyğun qurmamışıq. Sadəcə, oyun nizam-intizamımız var və bunu da artırmaq, daha keyfiyyətli etməyi düşünürük. Sırf daha yuxarıda olmalıyıq - bu, yoxdu. Daha keyfiyyətli olmaq qarşımızda məqsəd durur. Və əlbəttə ki, qarşıdakı matçı düşünürük, bundan sonrakı görüşləri yox.

- Onlara toxunmaq da fikrimiz yoxdu, "Sumqayıt"la qarşıdakı duelinizi incəliyirik. Məğlubiyyətiniz aranızdakı xal fərqinin 8-ə yüksəlməyi demək olacaq. Bu, Avropa mübarizəsində artıq tamam demək olacaq?

- Komanda olaraq enişlərimiz də olsa, mübarizədən qopmamışıq. İnşallah, bundan sonra da qopmarıq. 

- Belə matçlar 3 yox, 6 xallıq sayılır. Razısınız?

- Yox, belə yanaşmırıq. Bir oyuna 3 xal verilirsə, 6-dan danışmaq? O baxımdan komandanı yükləmirik ki, nəyin bahasına olursa-olsun, qalib gəlməlidi. Sadəcə, istəyirik ki, komanda meydançada verilən tapşırıqları maksimum icra eləsin. Sonuc nə olacaq, bunu 90 dəqiqənin tamamında görəcəyik. 

- "Sumqayıt" Elmar Baxşıyevli "Qəbələ"ni məğlub edə bilmir. Bu, artıq 5 matçdan ibarətdi. Bəlkə reseptini, sirrini açıqlayasınız?

- Heç bir resepti, sirri yoxdu. 

- Sadəcə, maraqlı təsadüfdü?

- Ola bilər belədi. Statiskayla yaşamırıq, hər oyunun bir hökmü, yanaşması var. Bu matç da digərlərindən geri qalmır və maksimum konsentrasiyayla, istəklə meydana çıxacağıq.

- Yəni, hesab edirsiniz ki, bu uğurlu seriya sizə psixoloji baıxmdan üstünlük vermir?

- Fikrimi öyrənmək istəyirsinizsə, o seriyalara inanan adam deyiləm. Oyun oyundan fərqli olur. İnanıram ki, futbolçularımız da seriya barədə düşünmürlər. 

 

MEHMAN SÜLEYMANOV