Bakıda İspaniyanın Antiguoko Futbol Akademiyasının filialının açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən İspaniyanın "Barselona" klubunun sabiq vitse-prezidenti Emili Rous Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Əvvəlcə səfərlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı. Özünüzü Bakıda necə hiss edirsiniz? Qonaqpərvərliyiizə şahid olmusunuz. 

- Bu, Bakıya ikinci səfərimdir. Çox gözəl şəhərdir. İnsanları istiqanlı və qonaqpərvərdir. Burada olduğum üçün şadam.

- İlk səfəriniz nə vaxt olmuşdu və nə ilə bağlı idi?

- Birinci səfərim ötən ilin dekabrında Azərbaycanda investisiya proqramlarının inkişafı ilə əlaqədar gerçəkləşmişdi. Qarabağda azad olunmuş ərazilərə investisiya yatırmaqla bağlı idi.

- Azərbaycan futbolu deyəndə, gözünüzün önündə nə canlanır?

- Azərbaycan futbolu dünyada elə də tanınmır. Futbolçunun yüksək kompetensiyası olmalıdır ki, öz səviyyəsini qaldırsın.

- Azərbaycan futbolu dünyada elə çox tanınmasa da, "Qarabağ" klubu avrokuboklarda öz adından söz etdirə bilib. Hətta 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələrində Madrid "Atletiko"su ilə hər iki oyunda uduzmayaraq heç-heçə nail olmuşdu. Yəqin ki, bu komandanı tanıyırsınız...

- Bilirəm ki, "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridir. Ağdamı təmsil etsələr də, ev oyunlarını Bakıda keçirirlər. Yaxşı oyunçularının olmasından xəbərdaram.

- 90-cı illərdə İspaniyada Vəli Qasımov adlı azərbaycanlı futbolçu çıxış edib, Primeronun bürünc medalını qazanıb. Onu tanıyırsınız?

- Bəli, elə bir futbolçu yadımdadır. Adlar çox olmadığı üçün tək-tük oyunçular tanış gəlir. Səhv etmirəmsə, "Betis"də də çıxış edib.

- Bəs, İspaniya Sequndasında çıxış etmiş, hazırda isə "Neftçi"nin formasını geyinən Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov sizə tanışdır?

- Aşağı liqaları izləmədiyim üçün tanımıram.

- Sizcə, hər hansı azərbaycanlı futbolçunun "Barselona" formasını geyinməsi xəyalının gerçəkləşməsi üçün nə lazımdır?

- "Barselona" hər zaman bütün dünyada istedad axtaracaq. Bu cür oyunçuları seçib öz akademiyasına cəlb etmək üçün hər yola əl atacaq. Bizdə xüsusi skautlar var ki, sırf bu istiqamət üzrə çalışırlar. Həmin uşaqlar gələcəkdə komandamızda oynayırlar. Azərbaycana futbolun baza strukturu lazımdır.

- "Barselona" akademiyasında sırf Qafqaz regionu üzrə skautlar varmı?

- Əlbəttə. "Barselona" çox qəliz struktura malik klubdu. Götürdükləri futbolçunun yaşı mütləq 12-dən çox olmamalıdır.

- La Masiyanın özəlliyini bir cümlə ilə necə ifadə edə bilərsiniz?

- La Masiyanın özünəməxsus infrastrukturu var və futbolçuları buna uyğun inkişaf etdirir. Həmçinin "Barselona"nın özünə aid olan digər akademiyaları da var. Düzdür, onlar La Masiya kimi fəaliyyət göstərmirlər.

- Vaxtilə Madrid "Atletiko"su ilə əməkdaşlıq çərçivəsində klubun formasında "Land of fire Azerbaijan" sözləri yer almışdı. Bu layihə yadınızda necə qalıb? 

- "Atletiko" İspaniyanın 3-cü klubudur. Yaxşı akademiyaları var. Mənim üçün "Barselona" və "Real"la digər ispan klubları arasında bir fərq var - bu iki klubun sahibi yoxdur. İnsanların klubudurlar. Bütün dünyaya açıqdırlar. Lionel Messi "Barselona"ya gələndə ona inkişaf hormonu çatışmazlığı diaqnozu qoyulmuşdu. Klub onun böyüyəcəyini bilməyə-bilməyə müalicəsinə pul ayırdı.

- Amma Messi ona bu qədər fədakarlıq edən "Barselona"nı Fransa PSJ-sinə dəyişdi. Yəni, pulu seçdi...

- Xeyr, qətiyyən belə deyil! Onun agenti öz atasıdır. Messi "Barselona"dan öz xoşu ilə getmədi. Komandanı ağlaya-ağlaya tərk etdi.

- Argentinalı istedada yad planetdən gəlmiş oyunçu deyirlər. Doğrudanmı, belədir?

- Messi çox fərqli oyunçudur. O, futbolla yaşayan insandır. Titul Messi üçün olduqca vacibdir. Mənə elə gəlir ki, superqəhrəmandır. Onunla yaxşı münasibətim var. Ünsiyyətcil deyil, çox az danışır. Böyük futbolçudur. Düşünürəm ki, uzun müddət onun kimi oyunçu yetişməyəcək.

 

 

MEHMAN SÜLEYMANOV