"Doğma meydanda belə qələbə qazanmaq çox gözəl hisslərdir". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin qapıçısı Emil Balayev deyib.

Qolkiper "İmişli"yə altı cavabsız qolla qalib gəldikləri Misli Premyer Liqasının 25-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bizim azarkeşlərimizə belə qalibiyyət bəxş etmək həqiqətən gözəldir. Bütün "Neftçi" camiəsini, azarkeşləri həm qələbə, həm də bayram münasibəti ilə təbrik edirəm. Neçə gözəl bayramları və qalibiyyətləri birliklikdə qeyd edək".

Görüşün ikinci hissəsində meydana daxil olan Balayev komandada əhval-ruhiyyənin getdikcə daha yaxşı olduğunu söyləyib:

"Neftçi" sadəcə komanda deyil. Böyük ailədir. Buraya azarkeşlər də daxildir. Məğlub olanda, qələbə qazananda hər zaman fanatların dəstəyini hiss etmişik. Bu isə bizi həqiqətən ruhlandırıb. Məsələn, "Turan Tovuz"a uduzmuşduq, amma tərəfdarlarımız növbəti "Qəbələ" ilə səfər matçına gəldilər. Asan matç olmadı. Onların dəstəyi ilə üç xal qazandıq. Azarkeşlər bizə əlavə güc verir. Ardıcıl iki oyunda qalib gəlmişik. Bu seriyanı davam etdirmək niyyətindəyik".