"Ruslan 93" İdman Kompleksində "Baku Sporting"in və "VTB Bank"ın təşəbbüsü, AFFA, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2011-ci il təvəllüdlü futbolçular arasında "Kubok VTB Azərbaycan" turnirinin açılış mərasimi keçirilib. Sport24.az xəbər verir ki, U-10 Liqasında mübarizə aparan 6 komandanın iştirak etdiyi turnir 3 gün davam edəcək və bazar günü bağlanış mərasimiylə yekunlaşacaq.

Təşikatçılardan olan "Baku Sporting"lə yanaşı, "Sabah", "Zirə", "Qəbələ", "Sumqayıt" və "Tekin" komandaları iştirakçıları sırasındadı. 

Tədbirdə ilk olaraq "Baku Sporting"in icraçı-direktoru, millimizin və "Qarabağ"ın sabiq oyunçusu Vüqar Nadirov çıxış edib. Ardından "VTB Bankı"ın İdarə Heyətinin sədri Yasin Cəlilov, AFFA Məşqçilər Komitəsinin üzvü AFFA Məşqçilər Komitəsinin üzvü, Əməkdar məşqçi Ağasəlim Mircavadov, veteran futbolçu və hakim Asim Xudiyev, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, "Zirə"nin və millimizin futbolçusu Riçard Almeyda ürək sözlərini bildirib, gənc futbolçulara uğurlar arzulayıblar. Daha sonra tədbir bədii hissə ilə davam edib.

Keçirilən püşkatmaya əsasən komandalar 2 qrupa bölünüb. "Baku Sporting", "Zirə", "Qəbələ" A, "Sabah", "Tekin", "Sumqayıt" B qrupunda yer alıb. Reqlamentə görə, qrup qalibləri finalda, 2-ci yeri tutanlar 3-cü yer uğrunda qarşılaşacaq. Turnirdə ilk 3 yeri tutan komandalar mükafatlandırılacaq.