Bakıda 5 ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək. Sport24.az xəbər verir ki, bu, "Qarabağ" ÇL-də pley-offa yüksəldiyi üçün baş verəcək.

Belə ki, Avropanın ən nüfuzlu klub turnirinin himni pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.

ÇL-in III təsnifat mərhələsində evdə Macarıstan "Ferentsvaroş"u ilə 1:1 hesablı heç-heçə edən Ağdam təmsilçisi səfərdəki cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək pley-offa adını yazdırıb.

Xatırladaq ki, Qurban Qurbanovun komandası 2017/18 mövsümündə ÇL-in pley-off mərhələsində Danimarka "Kopenhagen"inini səfər qolu (1:0, 1:2) sayəsində mübarizədən kənarlaşdırıb. Komanda həmin mövsüm turnirin qrup mərhələsinə yüksəlib. Bu dəfə "Qarabağ" pley-offda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 16-17 avqustda, cavab matçları 23-24 avqustda keçiriləcək. "Qarabağ" ilk olaraq evdə çıxış edəcək.