"Klublarla danışıq gedir. Milli komandalara görə yaranmış fasilə zamanı alınsa, yoldaşlıq görüşü keçirəcəyik. Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov deyib.
Baş məşqçi komandasının son turlarda uğursuz çıxışını şərh edib:
"Fasilə zamanı kifayət qədər vaxtımız var. "Sabah"la oyunda buraxdığımız səhvlərimizin üzərində işləyəcəyik. Çalışacağıq komandanı fiziki, taktiki cəhətdən daha yaxşı vəziyyətə gətirək. Komandanın "qara zolaq"da olduğunu deyə bilmərəm. 5 oyuna 1 heç-heçə? Həmin vaxtda keçirdiyimiz oyunlarda zədəli futbolçularımız çox idi. Komanda normal normal futbol oynayır. Tək "İmişli" ilə matçda döyüşmədən uduzduq. Digərləri ilə başa-baş mübarizə aparmışıq. Mənə görə, heç bir "qara zolaq"dan söhbət gedə bilməz".
Qeyd edək ki, "Karvan-Yevlax" Misli Premyer Liqasında 7 turdan sonra 5 xalla 10-cu pillədə qərarlaşıb.