Hazırda "Şamaxı"nın baş məşqçisi olan Azər Bağırov maraqlı və qeyri-adi göstəriciyə imza atır.

Sport24.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssisin çalışdırdığı komandalarla oyunlardan sonra bir sıra Premyer Liqa klubları baş məşqçiləri ilə vidalaşır.

Cari mövsümdə artıq belə hallardan birincisi yaşanıb. "Qəbələ" III turda evdə "Şamaxı" ilə qolsuz heç-heçə etdikdən sonra Kaxaber Sxadadze ilə yola davam etməmək qərarına gəlib.

Bağırovun komandaları ilə bağlı oxşar mənzərə daha əvvəl də yaşanıb. 2024/2025 mövsümündə "Kəpəz"ə rəhbərlik edən mütəxəssis "Neftçi"ni məğlub etdikdən sonra Bakı klubunun baş məşqçisi Roman Qriqorçuk postunu itirib. Eyni mövsümdə "Səbail"ə qalib gələn Gəncə təmsilçisinin həmin rəqibinin baş məşqçisi Şahin Diniyevlə də yollar ayrılıb.

Maraqlıdır ki, siyahını başqa nümunələrlə də genişləndirmək mümkündür.

2025-ci ilin dekabrında "Araz-Naxçıvan" Elmar Baxşıyevlə yollarını ayırıb. Halbuki Naxçıvan təmsilçisi bundan bir neçə gün əvvəl çempionat matçında "Şamaxı"nı məğlub etmişdi. Klub rəhbərliyi istefaya səbəb kimi ölkə kubokunda "Kəpəz"ə məğlubiyyəti göstərib. Həmin vaxt Gəncə klubunun "sükanı arxasında" da məhz Bağırov olub.

Bundan əvvəl isə daha diqqətçəkən nümunə yaşanıb. 2024-cü ilin noyabrında Bağırovun çalışdırdığı "Kəpəz" "Sabah"la 2:2 hesablı heç-heçə edib. Bu matçdan sonra paytaxt təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçin "qələmi qırılıb" və xorvat mütəxəssislə yollar "Turan Tovuz"la oyundan sonra ayrılıb.

Beləliklə, Azər Bağırovun çalışdırdığı komandaların qarşısına çıxmaq bir sıra baş məşqçilər üçün heç də yaxşı əlamət olmayıb.

İndi isə bu "ənənə" cari mövsümdə Kaxaber Sxadadze ilə davam edib. Görünən odur ki, Bağırovun komandaları ilə qarşılaşmaq təkcə rəqib futbolçular üçün deyil, baş məşqçilər üçün də əlavə təzyiq yaradır.

Bəlkə, Azər Bağırovu Premyer Liqamızın baş məşqçi "killer"i adlandıraq?