Misli Premyer Liqasının XXIX turunun "Sabah" - "Kəpəz" oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...
- Azarkeşlər çox sağ olsun, bizi dəstəklədilər. Maraqlı matç alındı. Qolumuzu vurub, arxaya çəkildik və istədiyimiz qələbəni qazandıq.
- Uda biləcəyiniz komandalara xal itirirsiz, amma güclüləri məğlub edirsiniz.
- Komandada təzyiq var. Özümüzə yaxın rəqiblərlə matçda itirməkdən qorxursan. Amma belə matçlarda daha rahat oluruq. Təzyiq elə-belə şey deyil. Güclü rəqiblərə qarşı daha rahat oynayırıq. Psixoloji söhbətlər edəcəyik. Futbolçuya itirməkdən yox, qazanmaqdan danışmalısan.
- "Səbail"lə fərqi 7-yə yüksəldiniz. Elitada qaldığınızı demək olar?
- Hələ xeyr. İndi bunu düşünmək yanlış olar. Mübarizə davam edir.
- Deyilənə görə, yeni gələcək rəhbərlik sizə əvəzləyici axtarması haqda söhbət gəzilir. Reallıq nə yerdədir?
- Cavablandıra biləcəyim sual deyil. Qarşımda hədəf var və ona çatmalıyam. Rəhbərliklə danışanda müsbət fikirlər var. Ümid edirəm ki, növbəti mövsümdə daha yaxşı "Kəpəz" görəcəyik.
- Şayiələr sizə necə təsir edir?
- İlk vaxtlar narahatlıq yarada bilər. Amma bu gün meydanda uşaqların mübarizəsini gördünüz. Ona görə bu söhbətlər boşdur.
Nuh Tarverdiyev