"Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olanda da komandanın yanında olurlar. Növbəti matçlarda daha yaxşı oynayıb, onların etimadını doğrultmağa çalışacağıq. Oyuna gəldikdə isə birinci hissədə planlaşdırdıqlarımızı reallaşdıra bilmədik. Bəlkə də çempionatda ən ucuz qolları biz buraxırıq. Bu, adamı məyus edir. Daha ciddi və məsuliyyətli olmalıyıq".

 

Sport24.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 20-ci turunun "Kəpəz" – "Neftçi" görüşündən sonra keçirilmiş mətbuat konfransında Azər Bağırov deyib.

 

Gəncə təmsilçisinin baş məşqçisi jurnalistlərin suallarını da cavablandırıb.

 

- Buraxılan qollarda qapıçının nə dərəcədə səhvləri var? Növbəti matçlarda Məmməd Hüseynova şans verməyi düşünürsüz?

- Hər oyundan əvvəl məşqçilərlə həyət barədə məsləhətləşirik. Xüsusən də qapıçı məşqçisi ilə. Əlbəttə ki, bu gün Yusif İmanovun səhvləri var idi. Daha çox məsuliyyətli olmalıdır. "Turan Tovuz"la oyunda da bir səhvi olmuşdu. Hamısını təhlil edirik. Ölçü götürüləcək.

 

- Yuri Vernidubla xeyli söhbət etdiz. Nə barədə danışırdız?

- Ukraynalı keçmiş məşqçi var. Onun haqda söhbət etdik. Mən də ona xoş gəldin dedim.

 

- Ryonosuke Ohori "Neftçi" ilə oyunlarda meydanda olmayıb. Bunun səbəbi nədir?

- Gözündə bir az problem var idi. Qərar verdik ki, bu gün dincəlsin. Dörd gün əvvəl Bakıda həkimdə olub. İstəsəz, kağızları da göstərə bilərəm.

 

- Rəhbərliyin komandaya dəstəyini hiss edirsiz?

- Heç bir problemimiz yoxdur. Klub üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Deyə bilmərəm ki, nəyimizsə çatışmır. Hər şey qaydasındadır.

 

- Qışda niyə az transfer etdiz? 

- Ceferson Bentonun getməyi bizə böyük zərbə oldu. Rüsumu bilirsiz. Legioneri 3 aylıq götürüb klubu riskə sala bilmərik. "Kəpəz" Premyer Liqadan düşməyəcək. Öz gücümüzü nəzərə alıb transferlər etdik. Kim "Kəpəz"dən hər oyunda xallar gözləyirsə, mənim o adama suallarım var. Bu gün çətindir. "Neftçi" ilə "Kəpəz"in imkanları eynidir? Bəlkə "Sabah"la? Legionerə 250 min verib çempionatda qalacaqsansa, pulları yalandan xərcləmək düzgün deyil. Riskdir. Oyunçu gəlib zədələnə bilər. Ceferson qalsaydı, bir vinger transfer etməyi düşünürdük. Cefersonun gedişi başa düşə bilmədiyimiz situasiya idi. Belə şeyə rast gəlməmişəm. Vitor Fejao dedi ki, həyat yoldaşım hamilədir. Övladı burada dünyaya gətirə bilməz. Fejaoya icazə verdik. Ceferson da icazə istəsəydi, ona da veriləcəkdi. O qədər beyni qarışıq futbolçu idi ki, icazəsiz çıxıb getdi və klubu pis vəziyyətdə qoydu. Klubun ona borcu yoxdur. Bütün bonusları verilib.