Macarısrandan məskunlaşan jurnalistlər dünən səhər saatlarında avtobusla Avstriyanın Qrats şəhərindəki Hava Limanına yola düşdü. Sərhəd yoxlama məntəqəsini keçdikdən sonra millinin baş məşqçisi Ayxan Abbasovla müsahibəyə dair razılaşma əldə etdim. Təqribən 4 saatı göydə keçirməli idik. Bakıya çatmağımıza təqribən saatyarım qalmış Abbasovu "rinqə" dəvət etdim.
Birinci raund: "Özümə qiymət verməyim"

- Ayxan müəllim, lövhədə müxtəlif qüvvədə fiqurlar olur. AFFA-da dəyişiklərdən sonra millimizdə şah kimdir?
– Məncə, buna seçkidə Rövşən müəllim yaxşı cavab vermişdi. Hər kəsin öz işi var. Bu gün AFFA tam peşəkar şəkildə idarə olunur. AFFA prezidentinin və baş katibin öz məsuliyyətləri var. Biz isə ölkənin əsas komandasına rəhbərlik edirik.
– Ayxan Abbasovun millinin "sükanı arxası"na gəlişindən sonra nə dəyişdi?
– Siz məndən də təcrübəlisiniz, əvvəlki məşqçilərin işini görmüsünüz. Yəqin ki, müəyyən dəyişiklikləri hiss edirsiniz. İlk növbədə istədik ki, milli formanın dəyəri artsın. Bu, bizim üçün çox önəmlidir. Seçim imkanımız geniş olmasa da, hər kəs bilməlidir ki, millinin qapısı onun üzünə açıqdır. Çempionatda çıxış edən hər futbolçu hiss etməlidir ki, istənilən an milliyə çağırıla bilər. Biz hər oyunda qalib gəlmək istəyirik.
- Uzun illərdir əksər media nümayəndələri "millini azərbaycanlı baş məşqçi çalışdırmalıdır" ideyası ətrafında birləşmişdi. Ayxan Abbasov həmin məşqçidirmi?
- İcazə verin özümə qiymət verməyim. Əlbəttə, biz futbolçuları hərtərəfli başa düşürük və millinin məsuliyyətini dərk edirik. Həqiqətən çox ağır yükdür. Gecə-gündüz çalışırıq ki, öhdəsindən gələk. Məğlub olanda da çox çətin olur.
İkinci raund: "Bu gün müsahibəni Azərbaycan dilində vermək istəyirlərsə, deməli, bu, dilimizə hörmətdir"

– Son təlim-məşq toplanışını necə qiymətləndirirsiniz? Nədən razı, nədən narazı qaldınız?
– Elə bir vəziyyətdəyik ki, hər an hər şey baş verə bilər. Heç kim bundan sığortalanmayıb. Amma bura milli komandadır və buraya seçilmiş futbolçular dəvət olunur. Bilirik ki, futbolçular uduzmaq istəmir və emosional olurlar, amma hər şeyin həddi var.
Heç bir futbolçunu itirmək istəmirik. Seçim imkanımız geniş deyil. Bu isə o demək deyil ki, futbolçulara rahatlıq verək və neqativ hallara göz yumaq. Məncə, oyunçuların özlərində də müəyyən dəyişikliklər olacaq. Bunun öhdəsindən gələcəyik. Lazım gələrsə, bəzi futbolçulardan imtina da edəcəyik. Çünki millinin maraqları hər şeydən üstündür.
Biz gələndən sonra təlim-məşq toplanışlarında müsbət mənada çox dəyişikliklər baş verib.
- Milliyə yeni təyin olunanda sizdən müsahibə götürmüşdüm. Himn oxunmurdu və belə komandadan ruh gözləmədiyimi demişdim. Siz də dediz hamı oxuyacaq. Vəziyyət necədir?
- Məncə, çoxluq oxuyur. Bunu deyəndə dedilər ki, himn oxumağa xal verilmir. Oxumağın da fərqi var. San Marino ilə oyunda fərq hiss olunurdu ki, çox istəkli oxuyurdular. Yoldaşlıq görüşləri olsa belə, sona qədər mübarizə aparmaları görünür.
- Anton Krivotsyukla onlarla müsahibəm olub. Ancaq Maltayla oyunda məlum hadisədən dərhal sonra söz ehtiyatı kasadlaşmışdı. Azərbaycanca danışırdıq…
- Son hadisəni çıxmaq şərtilə Antondan çox razıyıq. Yadınızdadırsa, bir dəfə mətbuat konfransına Antonla gəlmişdik və ona bildirmişdim ki, bu gün sənin azərbaycanca danışmağının bizə çox böyük xeyri olacaq. Tək Anton yox, Şahruddin də komandanın içində azərbaycanca danışır. Bu, bizi sevindirir. 3-5 kəlmə də olsa, danışırlar. Bu gün müsahibəni Azərbaycan dilində vermək istəyirlərsə, deməli, bu, dilimizə hörmətdir.
- Son mətbuat konfransında Ukrayna ilə matçda jurnalistlərdən birinin "müdafiə düzəlib, bəs nə vaxt hücum edəcəyik?", sualını verdiyini dediz. Həmin sualın müəllifi olaraq konfransda "indi hücum görürük, qol görmürük. Qolu nə vaxt görəcəyik?", deyə sual ünvanladım. İndi də eyni sualı təkrarlayıb, sizdən daha geniş cavab xahiş edirəm.
- Bəzi reallıqlar var ki, onu qəbul etməliyik. Bu, bəhanə olmayacaq. Bu gün futbolçularımız çempionatda az oynayırsa, təbii ki, axsamalıyıq. Bu nə vaxt düzələcək? Həmin hücumcular komandalarında 10-12 qol vuranda. Hücumu qurmağın özü də bir işdir. Futbolçular güclərinə inanır. Fransa ilə səfərdəki oyunla evdəki qarşılaşmanın fərqini hiss elədik. Fransaya gedəndə komandada çox qorxu var idi. Ölkə olaraq fikirləşirdik ki, hesab böyük olacaq. Bu, futbolçulara da təsir edir. Ukrayna ilə səfərdəki görüşdə bir sıra qol imkanlarımız oldu. İstifadə edə bilsəydik, xal qazanacaqdıq. Güclü komandalara qarşı oynamaq çətin olur. Rəqib sənə nə qədər imkan versə, o qədər futbol oynayırsan. Biz də eləyik. Bunu artırmalıyıq ki, güclü rəqiblərə qarşı 5 yox, 10 hücum edək. Özümüz səviyyədə rəqiblərlə isə, bunu daha da artıraq. Klublarımız Avroliqa və Çempionlar Liqası matçları oynayacaq. Orda futbolçularımız nə qədər çox oynayarsa, yığmada bir o qədər effektiv olacaqlar.
- Biz millidən hər oyunda qələbə yox, cəsarətli futbol istəmişik. Bu gün cəsarətli futbolu tək Maltaya qarşı görmürük. Ukrayna ilə oyunda xoş ifadələr işlətdik ki, ikinci nömrə oynamağa məhkum olsaq da, qorxmadıq. İndi də cəsarəti cəsarətlə müqayisə edim. Subyektiv fikrimdir, ola bilər razılaşmayasız. Biz uduzduğumuz Malta ilə qarşılaşmada daha yaxşı görünürdük, nəinki San Marinoya qarşı oyunda. Bu fikirlərlə razısız?
- San Marinonun adına görə belə fikirləşirik. Statistika ilə təhlil edəndə eyni hücumlar oldu. Heyətimizdə də dəyişiklər var idi. San Marinoya qarşı oynayan futbolçuların çoxu ilk oyunda meydana çıxmayanlar idi. Onlar da bu anı yaşamalı idilər. Maltaya qarşı olan heyət neçə ildir birlikdə oynayan oyunçulardır. Biz bu heyətlə Fransaya, Ukraynaya qarşı çıxmışıq. Biz istəyirik o siyahını genişləndirək. Futbolçular ilk hissədə qol buraxan kimi 4-5 epizodumuz oldu. Qol olsaydı, hesab 6:0 da ola bilərdi. İki oyunda da xeyli hücumlarımız oldu, amma heyət baxımından fərq olmalı idi ki, biz bunu gözləyirdik.
- Baxımlılıq cəhətdən gətirdim sözümü. Qol epizodlarını saymıram, statistikasını aparmamışam. Razılaşıram ki, fərqli oyunçular idi. San Marinoya qarşı heyətdə Emin Mahmudov kimi futbolçu var idi... Bunu bilərəkdən etmişdiz?
- Emin Mahmudov xırda zədə səbəbindən məşqlərə gec qoşulmuşdu. Əsas heyətdən siyahıda Renat, Şahruddin, Rahil də var idi. Rüfət Abbasov ikinci oyununu keçirirdi, Ayxan Hüseynovun ilki idi, Səbuhi Abdullazadə çoxdandır milliyə dəvət almırdı. San Marino bizi heç nədə üstələmədi. İkinci hissədə Aleksey İsayev, Toral Bayramov meydana daxil olduqdan sonra hücumlarımızın sayı çoxaldı, dominant futbola keçdik. Malta ilə görüşdə bunu etmək istəyirdik. Bəzən alınır, bəzən yox. Milli komandada 3-4 gün ərzində bunu etmək çətindir. Bu gün biz çox şey qazandıq. Futbolçuları gördük, özlərində güvən qazandılar ki, mənə hər an şans yarana bilər. Sentyabr və oktyabr aylarında 1-i yoldaşlıq olmaqla 4 oyun keçirəcəyik. 15 gündə 4 oyun çox qısa vaxtdır Hansısa mövqeylərdə rotasiya etməliyik. İstəyirik rotasiya edəndə, axsamayaq.
Üçüncü raund: "Lider yetişmir, anadan doğulanda artıq lider olur"

- 25 illik jurnalistika karyeramda Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev, Qurban Qurbanov, Kamran Ağayev, Dmitri Kramarenko, Zaur Tağızadə, Rəşad Sadıqov, Mahmud Qurbanov kimi qayalar görmüşəm. Geriyə boylananda isə daş da görmürük. Sizcə, bunlar nə vaxtsa böyüyəcək?
- Dediyiniz adlar Azərbaycan futbolunun simalarıdır. Zamanında böyük yükün altına giriblər. Biz də istəyirik indi o yükü götürə bilən futbolçular yetişsin, legioner həyatı yaşayan futbolçularımızın sayı çox olsun. Dediyim kimi, futbolçularımızın yaxşı legioner həyatı yaşaması üçün milli komandamızın nəticəsi də önəmlidir. Geniş mövzudur. Əlbəttə, istəyərdik adlarını sadaladığınız futbolçular kimi oyunçularımız olsun.
- Bu dəqiqə real görünmür...
- Real deyəndə ki, futbol da dəyişir. Dünya futbolunda belə Messi və Ronaldo yetişmir. "Arsenal" Çempionlar Liqasının finalına çıxır, ulduz futbolçu yoxdur. PSJ çempion olur, ulduz futbolçu yoxdur. "Real"da ulduzlar var, çempion ola bilmir. Gənclərdə müasirləşmə var. Emin, Şahruddin, Bədavi, Rahil kimi təcrübəli futbolçularımız var. Elvin Cəfərquliyev kimi oyunçumuz var ki, Çempionlar Liqasında qol vurub, həftənin oyunçusu seçilib. Bu asan görünür. Bunlar az iş deyil. Əvvəl lider futbolçular çox olub.
- Elvinin adını hallandırdız. Bəli, Elvin Çempionlar Liqasında oyunun ən yaxşısı seçilən ilk azərbaycanlı futbolçu olub. Bir anlıq heç vaxt matçın adamı seçilməyən Rəşad Sadıqovla Elvini tərəzinin gözünə qoyaq. Necə görünür?
- Fərqlidir. Rəşad Sadıqov kimi lider futbolçularımız çox azdır.
- Niyə lider futbolçularımız daha yetişmir?
- Lider yetişmir, anadan doğulanda artıq lider olur. Böyük klublarda belə lider futbolçulara ehtiyac olmur.
- Hesab edirsiniz ki, millidə liderə ehtiyac yoxdu?
- Elə deyil. İndiki dönəmdə daha çox komanda oyunu, ulduz olmayan futbolçulara üstünlük verilir. Milli komandamızın kifayət qədər lider futbolçusu var. Məsələn, Emil Balayev. O, "Neftçi"də də liderlik funksiyasını yerinə yetirir.
- Keçək klub futbolu ilə millinin vəhdətinə. Yaxın keçmişdə limit var idi ki, hər komandanın heyətində ən azı 1 futbolçunun yaşı 21-ə qədər olmalıdır. Zənnimcə, absurd qərar idi. Biz onun şahidi olduq ki, Premyer Liqa klubları limit futbolçusunu dayaq yarımmüdafiəçi kimi oynatdı. Azərbaycanda 40 nəfər 21 yaşa qədər futbolçu var idi, hamısı da dayaq yarımmüdafiəçisi. 21 yaşlı futbolçu oynasın deyə, komandanı axsadırsan. Bu gün limit yoxdur. Sizcə, futbolumuzun lehinə oldu yoxsa əleyhinə?
- Bu, geniş mövzudur. Dediyiniz kimi, futbolumuzda bir çox qaydalar tətbiq olunurdu. Legioner limiti götürüldü. Mən demişdim ki, ikinci ildə futbolçular daha yaxşı qərar verəcəklər. İndi isə bunun şahidi oluram. Məsələn, "Sabah"dan Nicat Mehbalıyev adının Çempionlar Liqasının iştirak ərizəsində olmasındansa, "Şəfa"da birinci qapıçı olmağı üstün tutur. Bu gün yerli futbolçular doğru qərar verməyə başlayır. Yerlilərdən klublarında legionerlərdən üstün olanlar da var. Məsələn, Emil Səfərov, Aleksey İsayev. Rəqabət var. Çempionatımızın səviyyəsi legioner limitinin ləğvindən sonra qalxdı. Yerli futbolçuların sayı azdır. Klublarımız bəzən əziyyət çəkirdilər. Çempionatımızın digər tərəfləri inkişaf etsə, yaxşı olar. Dediyiniz kimi, 21 yaşlı futbolçu məsələsi absurd idi. "Sumqayıt"da çalışanda limitə görə oynatdığım futbolçunu milliyə çağırmırdılar.
Qonq: "Bir də görəcəyik ki, hər kəs gəlib bizi keçib"
- Keçid alaq Millətlər Liqasına. Hamı qrupda müzakirəsiz birinci pillə deyir. C Liqasına biz çıxmayacağıq, bizi C-yə çıxardılar. Bəs, 1-ci yer?
- Buna komanda olaraq inanırıq. Biz reytinq xallarını da fikirləşirik. Bir oyun udanda reytinq cədvəlində komandalara 2-4 xal verilir. Yerimizdə dayanmamalıyıq. Bir də görəcəyik ki, hər kəs gəlib bizi keçib. Dediyinz oyunlar bizim üçün reytinq xalıdır. İnkişaf etmək istəyiriksə, bu oyunları udmalıyıq.
- Azarkeşlərə 12 xal söz verə bilərsiz?
- Qabaqcadan xalla bağlı danışmayaq. Litva çox yaxşı rəqibdir. Yaxşı oyun olacaq. Ümid edirəm ki, ölkəmizdə keçiriləcək matçda azarkeşlərin dəstəyini görəcəyik.
- Standart vəziyyət mövzusuna da toxunmaq istəyirəm…
- Bundan öncə FİFA seriesdə 1-2 variantlarımızı eləmişdik. Bunu rəqibə görə də fikirləşirik. San Marino ilə oyunda fikirləşirdik ki, standart vəziyyət rəqibin zəif nöqtələrindən biridir. Bundan istifadə etməyi bacardıq. Avstrayada sırf bunun üzərində çalışırdıq. Rəqibdə hansısa boşluğu görəcəyiksə, buna uyğun addımlar atılacaq.
…Bələdçinin səsi gəlir: "Təyyarəmiz Bakı Hava Limanına enişə başlayır. Zəhmət olmasa, yerlərinizi tutun". Diktofonu söndürürəm, ancaq bundan sonra qələmə almayacağım xeyli mövzulara toxunuruq. Bütün hallarda, pisi ilə, yaxşısı ilə bir millimiz var və ona dəstək olmaqdan başqa çarəmiz yoxdu…
Ceyhun Əliyev, Bük-Qrats-Bakı
P.S. Jurnalistlərin Macarıstana səfəri AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə reallaşıb.