Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində səfərdə “Zirə”yə 0:3 məğlub olan “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbəsov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Rəqib son oyunlarda yaxşı formadadır. Bizim durum isə yaxşı deyil. Bir sıra zədəlimiz var. Hər klubun başına gələ bilir belə hallar. Hesab fərqli fikirlər formalaşdıra bilər. Ancaq ikinci hissədə uşaqlar çox istəkli idilər. Bugünkü oyun göstərdi ki, futbolçularımız yaranmış durumu dərk edir. Əl-ələ verib vəziyyətdən çıxmağa çalışacağıq. Bir sıra gənc futbolçu liderliyi üzərinə götürməklə bizi sevindirir. Bu vəziyyətdən çıxacağıq.

- Bu gün azarkeşlər arasında belə söhbətlər gəzirdi ki, gedə bilərsiniz. Hər halda, Qəbələdəki görüşdən sonra buna hazır olduğunuzu bildirmişdiniz...
- Səmimi, dürüst olmalıyıq. Sumqayıtda ilk günumdən ümidli olmuşam, bu gün də belədi. İlk ilimdə də barəmdə bədbin fikirlər var idi. Ancaq biz həmin il təslim olmadıq və Kubokun finalınadək irəlilədik. Növbəti mövsüm 4-cu yerdə idik, çempionat dayandırıldı və biz Avrokuboklara getdik. Onda da dedilər ki, mövsüm bitseydi, bunu edə bilməyəcəkdik. Növbəti il 3-cü olduq. Sonra güclənməmiz lazım idi. Biz düzgün qərar verdik. İlk 2 turdan sonra millinin seçmə tsiklində hər dəfə 10 oyunçumuzdan məhrum qalırdıq. Bu gün müqaviləm var, getmək fikrim yoxdu. Rəhbərlik desə, gedərəm. Təslim olmaq istəmirəm. Bu gün də azarkeşlər bizi alqışladı. Rəqiblər də bizi təhlil etdi. Bəlkə də zədə və cəzalar olmasaydı, fərqli durum yasanardı. Hər halda ikinci hissə məni ümidləndirdi.

- Rəhbərliklə güclənməyə dair görüş planlaşdırılıbmı?
- Xaçayevlə Bədəlov yox idi. Eltun 3 məşq edib çıxmışdı oyuna. Rəhbərliklə guclənmə mövzusunda danışmamışıq. Avrokubok olmayacaqsa, bu, faciə deyil. Qarşıda Kubok da var, çempionat da şanslar itməyib.

- Rəqiblər beşli müdafiəyə öyrəşib. Bəlkə alternativ olaraq 4 müdafiəçiylə də variant hazırlayasınız? Ki, rəqiblər bilməsin hansı sistemlə oynayacaqsınız.
- Bu sistemlə iki dəfə Avropaya getmişik. Münasib oyunçular olsa, fərqli modellərə də keçərik.

- Gəncləriniz yetərincə təcrübə qazansa da, çox artırmırlar...
- Məsələn, Rüfət və Səbuhi bugünkü kimi oynasalar, nə xoş bizə. Heç bir məşqçi öz düşməni deyil. Hər zaman ən hazırlıqlılarını  meydana buraxırıq. Sabah limit götürülsə, kimlər şans qazanacaq? Biz də istəyirik ki, artırsınlar. Amma biz öz düşmənimiz deyilik ki, güclünu ehtiyatda saxlayaq.