"Bu oyuna çox ciddi hazırlaşmışdıq. "Qarabağ" Azərbaycanda ən yaxşı komandadır. İstənilən situasiyaya hazır idik".

Sport24.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, 45+1-ci dəqiqədə qol buraxmaq ruh düşkünlüyünə səbəb oldu: "Amma həmin vaxt meydanda 10 nəfərlə qalmışdıq. Əli Qurbani meydanın kənarında idi. Bundan sonra qapımıza qol vuruldu. Belə şeylər olur. Gənc komandamız var. "Qarabağ"la oyunlarda təzyiq olur. Sonrakı dəqiqələrdə rəqibə qol vurmağa çalışsaq da, alınmadı".

Abbasovun sözlərinə görə, matçdan öncə Murad Xaçayevin zədəsi var idi: "Oynayıb-oynamayacağı bilinmirdi. Amma biz risk etdik. Matçdan sonra axsayırdı. Xırda problemlərimiz var idi. Məşqi az edən futbolçular çətinlik çəkdilər. Çempionatın sonunadək bu tempi saxlamaq çətin olacaq. Lakin yaxşı şansımız var, istifadə etməyə çalışacağıq".

Baş məşqçi bütün futbolçularına güvəndiyini söyləyib: "Rotasiyalar olacaq. Qarşımıza məqsəd qoymamışıq ki, avrokuboklara vəsiqə qazanacağıq. Əsas olan mübarizə aparmaqdır. Bu məqamda zədə alsaq, problem olacaq. Bu heyətlə başlamışıq, bununla da çempionatı başa vuracayıq".

Abbasov "Qarabağ" "Azersun Arena"da yaxşı təsir bağışladığını vurğulayıb: "Uduzub-uduzmaqdıqlarını bilmirəm. Ümumiyyətlə, statistikaya fikir verməmişəm. Ümumiyətlə, "Qarabağ"la "Neftçi"nin səviyyəsi daha üstündür".

Mütəxəssis "Qarabağ"la ölkə kubokunun yarımfinal görüşlərinin fərqli olacağnı bildirib: "Hər iki komanda vacib görüşlərə çıxacaq. Ona gprə də indi kuboku düşünməyə vaxtımız yoxdur".