“Komandanı çətin oyun gözləyirdi. Çempionatın iki lideri var, biri "Neftçi"dir. Bizə də xallar lazım idi, çünki aşağıdakı rəqiblər çata bilər. Millinin toplanışından dönən oyunçular 3-4 gün məşq etmişdi. "Neftçi"ni analiz etmişdik".

Sport24.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XXI turunda səfərdə "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, rəqibin hücum xətti yaxşı idi: "Onların boşluqlarını bilirdik. Futbolçulara hər şeyi aşıladıq. Düşündüyümüz epizodlar oldu və qola çevirdik. Oyunçular bu gün siqnal verdi ki, onlara inanmaq lazımdır. Çempionatda 7 oyun qalıb. Azarkeşlər matçlara gələ bilmir, onları da təbrik edirəm".

Abbasov milli komandadakı legioner futbolçuların Azərbaycan himnini oxumaması haqqında danışıb: "Biz bu ölkənin formasını geyiniriksə, məsuliyyəti qəbul etməliyik. Mənə elə gəlir ki, bu, futbolçuların günahı deyil. Bunu məşqçilər və texniki işçilər başa salmalıdır. Bildiyim qədər Anton Krivotsyuk himni oxuyur. İstəsək edə bilərik. Milli formanı kimə veririksə, onu oxutmalıyıq".

Baş məşqçi Rəhim Sadıxova yığmada az şans verilməsi barədə bunları deyib: "Klub məşqçilərinin hansısa öz futbolçuları haqqında danışması bir az yaxşı qarşılanmır. Milli komanda uduzandan sonra 10-12 nəfər ortaya çıxır, sanki bu günü gözləyir və danışır. Mən inanıram ki, Xəyal Nəcəfova da yığmada şans verilsə, özünü pis göstərməyəcək.

Rəhim bir az incə futbolçudur, qayğı istəyir. Bəlkə millidə özünü komfort hiss etmir. Orada olmadığım üçün deyə bilmirəm".

Mütəxəssis hər oyuna eyni hazırlıq gördüklərini əlavə edib: "Neftçi" fasilədən əvvəl ən yaxşı oyun sərgiləyən komanda idi. Elə komanda var ki, onlara qol vura və ya qələbə qazana bilmirəm. "Qəbələ"ni buna misal göstərmək olar".