Ötən yay "Sabah"ın "rənglərinə bağladığı" Ayaz Quliyev hələ ki, yumşaq desək, ümidləri doğrultmur. Bir vaxtlar Rusiyanın ən perspektivli gənclərindən sayılan 27 yaşlı futbolçu hələ də "bayquşlar"ın əsas heyət üzvü ola bilməyib. Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Ayazla danışmağa qərar verdik. Sport24.az-a müsahibə verən yarımmüdafiəçi həm komandasının oyununu dəyərləndirdi, həm də öz çıxışından danışdı.  


- Son turda səfərdə "Kəpəz" üzərində qələbə qazanmaqla avrokuboklara gedən yolda vəziyyətinizi bir qədər yaxşılaşdırdız. Fikirlərin maraqlıdı...
- Bizim üçün ağır səfər oldu. Həm məsafə, həm havanın hərarəti, həm süni meydan, həm də "Kəpəz"in döyüşkənliyi bizə çətinlik yaratdı. Qələbə qazansaq da, açığı, ikinci yarıda yaxşı oynamadadıq. Bunun səbəblərindən biri də "Qarabağ"la matçdakı emosiyalarımızın tükənməsiylə bağlı idi. İstənilən halda qalib gəlməklə vacib xallar qazandıq. Komandamı təbrik edirəm.


- Artıq bir neçə aydı Azərbaycandasan. Uyğunlaşmaq çətin olmadı, ümumiyyətlə, performansın haqqında nə deyərdin?
- Təbii ki, Azərbaycan Premyer Liqası ilə Rusiya çempionatı arasında fərq var. Buna baxmayaraq, artıq uyğunlaşdığımı deyə bilərəm. Hər şey qaydasındadı. Burdakı vəziyyət məni qane edir.


- Rusiya Premyer Liqasıyla Azərbaycanın güclülər dəstəsi arasınsa fərq?  
- Fərqin konkret nədə olduğunu deyə bilmərəm. Sadəcə, daha çox meydanda olmaq lazımdı ki, paralellər apara biləsən. İndiki halda fərqli tərəfləri akademik cəhətdən deyə bilmirəm.


- Azərbaycanda hansı futbolçuyla dostluq edirsən?
- Daha çox "Neftçi"dən Reziuan Mirzovla çox yaxınıq. Azər Əliyevlə də münasibətim var. Bədavini də tanıyıram.


- "Sabah"dan başqa hansı klubumuzu fərqləndirərdin?
- Təbii ki, "Qarabağ"ı. Onların səviyyəsi Azərbaycan Premyer Liqasını aşıb. "Sumqayıt" da yaxşı performans sərgiləyir. "Kəpəz" müdafiədən oynasa da, döyüşkənliyi ilə seçilirlər. Hazırda aşkar autsayder olmalarına baxmayaraq, "Qəbələ"ni də qeyd edərdim.  


- Artıq Azərbaycan vətəndaşısan. Özünü yığmada oynamağa hazır sayırsanmı?
- Hələki yığmaya dəvət almamışam. Çağırsalar mənim üçün şərəf olar. Fikrimcə, Azərbaycan millisi növbəti seçmə mərhələdə uğurlu çıxışıyla diqqət çəkəcək.

- Azərbaycan yığmasını seçməklə Rusiyaya qayıdacağın halda legioner sayılacaqsan. Düşünmürsən ki, gələcəkdə atdığın addıma görə peşman ola bilərsən?
- Bura gəlmişəmsə və vətəndaşlıq almışamsa, deməli, bütün nüansları nəzərə alaraq bu addımı atmışam. Heç bir peşmanlıqdan söhbət gedə bilməz.

ABDULLA İSMAYILOĞLU