Bu mövsüm Azərbaycan futbolunun Avropadakı vizit kartı yenə də "Qarabağ" oldu.
Komanda UEFA Çempionlar Liqası səhnəsində öz adına yeni tarixi sətirlər əlavə etdi. Liqa mərhələsinə vəsiqə qazanmaq artıq böyük uğur idi. Lakin Ağdam təmsilçisi bununla da kifayətlənmədi, mərhələdə ilk "24-lüy"ə düşərək Azərbaycan futbolu üçün daha əvvəl görünməmiş nəticəyə imza atdı.
Rəqiblər isə sıradan komandalar deyildi. Portuqaliya nəhəngi "Benfika", Danimarka çempionu "Kopenhagen", Almaniyanın iddialı təmsilçisi "Ayntraxt" məhz Qarabağ qarşısında məğlubiyyət acısı yaşadı. Bakıdakı futbol axşamında İngiltərənin nəhəngi "Çelsi" ilə qeydə alınan heç-heçə isə uzun illər xatırlanacaq nəticə idi.
Bu qələbələr və nəticələr təkcə statistik göstərici deyildi. Bu, Azərbaycanın futbol xəritəsində yerini daha da möhkəmləndirməsi idi. Avropanın aparıcı media orqanlarında "Qarabağ" adı çəkilir, oyun üslubu təhlil olunur, məşqçi işi nümunə kimi göstərilirdi.
Mövsümün ilk yarısında ölkədə sözün əsl mənasında "Qarabağ ab-havası" var idi. İaşə obyektlərində, ofislərdə, məktəblərdə, dost məclislərində əsas müzakirə mövzusu bu komanda idi. Hər kəs eyni sualı verirdi: "Qarabağ" növbəti oyunda nə edəcək?
Bu uğurların arxasında isə sistemli iş, illərin zəhməti və sabitlik dayanırdı. Bu sabitliyin memarı olan Qurban Qurbanov təkcə bir komanda yox, bir futbol modeli formalaşdırıb. O model ki, artıq Avropada tanınır, hörmət görür.
Bəli, mövsümün sonunda "Sabah" Misli Premyer Liqasında çempion oldu və bu uğur tam haqq edilmişdir. Masazır təmsilçisi sabitliyi və düzgün planlaması ilə bu titula layiq idi. Lakin daxili çempionatdakı nəticə mövsümün ümumi mənzərəsini tam əks etdirmir.
Bəzi futbolsevərlərin "Qarabağ üçün uğursuz mövsüm oldu" fikrini səsləndirməsi məhz bu məqamdan qaynaqlanır. Halbuki, məsələni daha geniş prizmadan qiymətləndirmək lazımdır. "Qarabağ" bu mövsüm Azərbaycan futbolunun adını yenidən Avropanın ən böyük səhnəsində səsləndirdi. UEFA reytinqi baxımından ölkəyə xallar qazandırdı. Azərbaycan klubları üçün növbəti illərdə daha əlverişli püşkatma perspektivi formalaşdırdı.
Ən əsası isə, "Qarabağ" bir daha sübut etdi ki, bu komanda təsadüfi uğurların yox, sistemli inkişafın məhsuludur.
Bu gün çempionluq sevinci başqa ünvandadır. Bu, futbolun gözəlliyidir. Amma mövsümün yaddaşı, mövsümün hekayəsi, mövsümün Avropa səhnəsində yazılan tarixi məhz "Qarabağ"a məxsusdur.
Unutmayaq. Unutdurmayaq. Çünki bu yaddaş Azərbaycan futbolunun gələcəyidir.