"10 komandalı çempionatda limiti tamamilə ləğv etmək, risklidir. Riskli addımlardan biri odur ki, yerli futbolçuların oynamaq şansı çox aşağı düşür". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis legioner limitinin tam ləğvinin yerli oyunçuların karyerasına təsirsiz ötüşməyəcəyini bildirib:
"Əslində, 16-18-20 komandalı çempionatda limitin ləğv olunması oyunçuların təbii seleksiyasına gətirib çıxarır. Zəif olan çempionatda ortada gedən komandalar gənc oyunçuların inkişafına nail olurlar. Məsələn, 8-ci pillədə gedir, Avrokuboklara iddiası, çempionatı tərk etmək qorxusu yoxdur. Belə klublar gənc oyunçuları oynadıb, yavaş-yavaş satıb, pul qazanmaqla məşğul olurlar. Bu, normaldır. Gənc oyunçu da daha çox oynamaq şansı qazanır. Komandanın sayı 10 olanda isə, hamı yüksək yerlər uğrunda mübarizə aparacaq və avrokuboklara vəsiqə qazanmaq istəyəcək. Belə olanda komandaların hamısı legionerlərə üstünlük verəcək. Yerli gəncləri oynatmaq hər zaman risklidir. Heç kimi bu addımı atmaq istəməyəcək. Bu səbəbdən legioner limitinin tam ləğvi yerli futbolçuların oynamaq şansını azaldacağını düşünürəm".
Qeyd edək ki, növbəti mövsümdən Premyer Liqada legioner limitinin ləğv olunacağı gözlənilir.