"Qarabağ" – "Dinamo" oyunundan gözləntilərim müsbətdir". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcəyi oyundan gözləntilərini bölüşüb:

"Düşünürəm ki, rəqib Ukraynanın ən titullu və tarixi ənənəsi olan klublarından biri olsa da, hazırda əvvəlki gücündə deyil və son illərin ən zəif dövrünü yaşayır. Heyət əsasən gənc futbolçulardan formalaşıb. Bu səbəbdən komanda yüksək intensivlikdə və təzyiqli futbol oynamaqda çətinlik çəkir, təcrübə çatışmazlığı isə xüsusilə vacib oyunlarda özünü büruzə verir. Düzdür, "Qarabağ" da hazırda ideal durumda deyil. Ötən mövsümlə müqayisədə komandanın oyununda müəyyən çatışmazlıqlar hiss olunur. Xüsusilə yeni transferlərin komandaya tam uyğunlaşmaması özünü göstərir. Oyun ritmini və bir-birilərini daha yaxşı başa düşmələri üçün vaxta ehtiyacları var. Avrokuboklarda isə belə detallar böyük əhəmiyyət daşıyır və komandanın oyununa birbaşa təsir edir. Buna baxmayaraq, Ağdam təmsilçisinin mərhələ adlayacağını düşünürəm".

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" - "Qarabağ" matçı bu gün, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.