"AFFA-da rəhbər vəzifədə olsaydım, Ayxan Abbasova uzunmüddətli müqavilə təklif edərdim. Fikrimcə, millidə müəyyən sistemin formalaşması və seçilən futbol fəlsəfəsinin nəticə verməsi üçün məşqçiyə kifayət qədər vaxt verilməlidir". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis Ayxan Abbasovun millidəki fəaliyyətini dəyərləndirib və baş məşqçiyə etimad göstərilməsinin vacibliyini vurğulayıb:
"Uzunmüddətli müqavilənin sonunda isə seçdiyimiz yolun nə dərəcədə doğru olduğunu, qarşıya qoyulan hədəflərə nə qədər yaxınlaşdığımızı və görülən işlərin nəticəsini daha aydın qiymətləndirmək mümkün olardı. Ayxan Abbasov legioner məşqçilərdən sonra millidə birlik və komanda ruhunu, eyni zamanda futbolçuların özünəinamını bərpa edə bildi. Məncə, bu məqamı xüsusi qeyd etmək lazımdır. Çünki yığmada uğur qazanmaq üçün təkcə fərdi keyfiyyətlər deyil, futbolçuların bir-birinə inamı, meydanda vahid komanda kimi hərəkət etməsi və ümumi məqsəd uğrunda mübarizə aparması da vacibdir. Əlbəttə, futbolçuların fərdi keyfiyyətlərini qısa müddətdə köklü şəkildə dəyişmək mümkün deyil. Ayxan müəllim də millidə hansısa futbolçunun texniki və fiziki göstəricilərini möcüzəvi şəkildə yüksəldə bilməz. Bunun üçün həm futbolçuların öz üzərində çalışması, həm də ölkə futbolunda uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi lazımdır. Baş məşqçinin əsas vəzifələrindən biri isə mövcud potensialdan maksimum yararlanmaq, futbolçuları düzgün istiqamətləndirmək və onları qarşılaşmalara psixoloji cəhətdən hazırlamaqdır. Abbasovun bu istiqamətdə müəyyən işlər görə bildiyini Fransa və Ukrayna yığmalarına qarşı keçirilən oyunlarda da müşahidə etmək mümkün idi. Futbolçularımız həmin qarşılaşmalara əvvəlcədən məğlub olacaqlarını düşünən komanda təsiri bağışlamırdılar".
Qeyd edək ki, Ayxan Abbasovun Azərbaycan milli komandası ilə müqaviləsinin müddəti qışda başa çatır.