"Messi artıq dünya çempionu olub, indi növbə Ronaldonundur". Bu sözləri Sport24-ə açıqlamasında veteran futbolçu Arif Əsədov deyib.

 

O, Lionel Messi və Kriştianu Ronaldo arasındakı rəqabətin dünya futboluna xüsusi rəng qatdığını bildirib:

 

"Messi və Ronaldo son illərin ən uğurlu, ən çox qazanan və dünyanın ən yaxşı futbolçuları hesab olunan oyunçularıdır. Uzun illərdir onların arasında böyük rəqabət gedir. Bu rəqabət dünya futboluna əlavə gözəllik və maraq gətirib. Hər iki futbolçu haqqında fərqli fikirlər səsləndirilir. Bəziləri Messini, bəziləri isə Ronaldonu üstün tutur. Buna görə də onların hansının daha güclü olduğunu birmənalı şəkildə demək çətindir. Hər birinin özünəməxsus oyun üslubu, güclü tərəfləri və fərqləndirici xüsusiyyətləri var. Bu rəqabət onların çıxış etdiyi hər yerdə davam edib. Cari dünya çempionatında da bunu görürük. Məsələn, Messinin vurduğu qollardan sonra Ronaldonun da fərqlənməsi onların bir-birini daim motivasiya etdiyini göstərir. Hər iki futbolçu futbol tarixinin dahilərindəndir".

 

Arif Əsədov Messi və Ronaldonun futbol tarixinin ən böyük simaları sırasında yer aldığını vurğulayıb:

 

"Bu futbolçuları tez-tez Pele və Maradona ilə müqayisə edirlər. Hansının daha güclü olması ilə bağlı mübahisələr daim davam edir. Hər dövrün öz böyük futbolçuları olub. Amma futbol tarixində ən önəmli adlar sırasında Pele, Maradona, Messi və Ronaldonu xüsusi qeyd etmək lazımdır. Düşünürəm ki, hər iki futbolçu öz oyunu və qolları ilə azarkeşləri hələ də sevindirməyə davam edəcək. Həm Argentina, həm də Portuqaliya millisinin dünya çempionu olmaq üçün kifayət qədər potensialı var".

 

Veteran futbolçu dünya çempionluğu məsələsində isə üstünlüyü Ronaldoya vermək istədiyini söyləyib:

 

"Messi artıq əvvəlki dünya çempionatında bu titulu qazanıb. Məncə, indi növbə Ronaldonundur. Çox istərdim ki, bu dəfə Portuqaliya dünya çempionu olsun. Belə olarsa, Ronaldo futbolçu karyerasında çatışmayan yeganə böyük titulu da qazanmış olar".