"Fransa – İspaniya oyununda hər iki komanda finala layiq kollektivdir. Bu qarşılaşmanı erkən final da adlandırmaq olar".
Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis dünya çempionatının yarımfinal oyunları olan Fransa - İspaniya və Argentina - İngiltərə qarşılaşmalarından gözləntilərini bölüşüb:
Fransa heyət keyfiyyəti baxımından hazırda daha güclü təsir bağışlayır. Bununla belə, mənim fikrimcə, az da olsa, favorit İspaniyadır. İspanların topa nəzarətə əsaslanan oyun üslubu Fransadan daha üstün görünür. Əgər onlar öz oyunlarını sərgiləyib rəqibi topsuz qoymağı bacarsalar, finala yüksələn tərəf olacaqlar. Argentina – İngiltərə qarşılaşmasına gəlincə, bu iki milli arasında tarix boyu keçirilən oyunlar həmişə gərgin mübarizə şəraitində keçib. Buna görə də nəticəni əvvəlcədən proqnozlaşdırmaq çətindir. Lakin Lionel Messi amilini nəzərə alsaq, mən Argentinanı bir qədər üstün görürəm".
Xatırladaq ki, yarımfinal mərhələsinin Fransa - İspaniya oyunu iyulun 14-də, İngiltərə - Argentina matçı isə 15-də keçiriləcək. DÇ-2026 iyulun 19-da başa çatacaq.