Futbol üzrə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov Sport24.az saytına müsahibə verib.

- "Sabah" "Qarabağ"ı məğlub edərək kubokun finalına yüksəldi. Qarşılaşmanı necə dəyərləndirirsiniz?
- Maraqlı oyun oldu. "Qarabağ" və "Sabah" arasında son görüşlər artıq Avropa səviyyəsinə yaxın tempdə keçir. Matçda dinamika və sürət yüksək idi, azarkeş marağı da bunu daha da artırırdı.

- Bu mövsüm "Qarabağ" "Sabah"a qalib gələ bilmədi. Sizcə, səbəb nədir?
- "Sabah"ın bu mövsüm əsas hədəfi çempionluq idi və onlar "Qarabağ"ı əsas rəqib kimi görürdülər. Bu da həmin oyunlara daha yüksək motivasiya ilə çıxmalarına səbəb oldu.

- Dünənki oyunda qırmızı vərəqə və penalti epizodları çox müzakirə olunur…
- Bu epizodlar barədə birmənalı fikir bildirmək çətindir. Ən doğru qərarı hakimlər verə bilər. Belə situasiyalarda fərqli oyunlarda fərqli qərarların verilməsi müzakirələr yaradır.

- Çoxlarının fikrincə, "Qarabağ"ın Çempionlar Liqasında uğurlu çıxışı komandanın perfomansına təsir etdi. Və bu üzdən Ağdam təmsilçisi çempionluğu əldən verməklə yanaşı, kubokda da mübarizəni dayandırdı. Siz necə düşünürsüz?
- "Qarabağ" Çempionlar Liqasında bizi layiqincə təmsil etdi, gözləniləndən də artığını etdi. Amma həmin oyunlar fiziki və psixoloji baxımdan komandanı çox yüklədi. Bundan sonra çempionata köklənməkdə çətinlik yarandı. Bu da xal itkilərinə təsir etdi. Mövsüm boyu istək baxımından da bəzi oyunlarda geriləmə hiss olunurdu.

- "Sabah"ın "qızıl dubl" şansını necə dəyərləndirirsiz? 
- "Sabah"ın həm kuboku, həm də çempionluğu qazanmaq üçün real şansı var. Komandanın potensialı buna imkan verir. Niyə də etməsinlər? Hər dəfə belə imkan ələ düşmür.