"Fikrimcə, bu mövsümün çempionu "Qarabağ" olacaq. Bu günün oyunları isə avrokubok zonasında yerləşən komandalar arasında keçirilir. Bunu 6 xallıq oyun da adlandırmaq olar". Bu sözləri Sport24.az saytına açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov deyib.

Misli Premyer Liqasının XX turunun mərkəzi maçlarından sayılan  "Qəbələ" - "Sabah" görüşünü dəyərləndirən 53 yaşlı mütəxəssis qonaqların oyunöncəsi üstün tərəf olduğunu qeyd edib: "Sabah"ın daha hazırlıqlı olduğu nəzərə çarpır. Ötən tur "Neftçi" ilə oyunda da bunu sübut etdi. Nəzərə almaq lazımdır ki, nə "Qəbələ", nə "Sabah" oyunçu transfer etdi. Türkiyə toplanışı zamanı hər iki komanda oyunu təkmilləşdirmək, heyəti formalaşdırmaq və xətlərarası əlaqələri daha da yaxşılaşdırmaq üçün çalışırdı. Düşünürəm ki, cütün favoriti "Sabah"dı. Amma "Qəbələ"nin də ev üstünlüyü var. Üstəlik, "Qəbələ" ötən tur "Kəpəz"lə oyunda 1 xal əldə etdi və yola davam üçün qələbəyə çalışacaq. Bu görüşdə hər iki komandanın döyüşəcəyini düşünürəm".

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Sabah" oyunu saat 15:00-da start götürəcək.

 

 

KAMAL RZA