Premyer Liqa klublarımızdan Antalya hazırlığını başa vuraraq ilk Vətənə dönən "Sumqayıt" olub. Sport24.az xəbər verir ki, Aleksey Baqanın komandası bu gün Antalya-Bakı reysilə geri qayıdıb.

Belaruslu baş məşqçi Türkiyədəki təlim-məşq toplanışından qələbəsiz dönən (1 heç-heçə, 2 məğlubiyyət) komandasına 2 günlük istirahət verib. Sumqayıtlılar yanvarın 26-da doğma məkanda yığışaraq qış fasiləsindən sonra ilk sınağa - fevralın 2-də Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qəbələ"ylə ev matçına hazırlaşacaqlar.

Komandanın əsas hücumçusu olan Əli Qurbani Türkiyədən zədəli dönüb. Məşqdə xəsarət alan 32 yaşlı forvard bu üzdən son 2 yoxlama matçını buraxıb. Əlinin zədəsinin yüngül olduğu, yavaş-yavaş məşqlərə başlayacağı gözlənilir. Amma istənilən halda, komanda hazırlığa başlayandan sonra Qurbaninin yekun durumu biinəcək. 

"Sumqayıt"ın yeni transferi olan Araz Abdullayevin də Antalyada zədələndiyi məlumdu. Ancaq onda bu, ciddidi. Belə ki, təcrübəli cinah yarımmüdafiəçisi hələ 2 həftə müalicə alaraq bundan sonra oynaya biləcək. 

Onu da bildirək ki, Baqa Antalyada bir futbolçunu baxışdan keçirib. Bu, "Sumqayıt"ın öz akademiyasından çıxan. sonradan Ukraynaya köçərək Donetsk "Metallurq"un futbolçusu olmuş Emin Səfixanovdu. Amma 23 yaşlı yarımmüdafiəçi bəyənilməyərək geri qaytarılıb.