Azərbaycan millisinin sabiq futbolçusu, "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda müshaibə verib. Sport24.az həmin müsahibəni təqdim edir. 

- "Qarabağ"a üçüncü qayıdışınız çox müzakirə olundu. "Zirə"dən ayrıldıqdan sonra Azərbaycanı tərk edəcəyiniz gözlənilirdi. Necə oldu ki, sabiq komandanızla yollarınız yenidən kəsişdi?

- Əslində təkliflərim var idi. Azərbaycandan gedə bilərdim, amma "Qarabağ"da mənə yaxın insanlarla münasibətim qaldığından, bu komandaya növbəti qayıdışımın az da olsa, mümkün ola biləcəyini gördüm. Ona görə də son anadak bunun gerçəkləşməsini gözlədim. Yekunda doğma evimə qayıtdım. Qurban Qurbanova növbəti dəfə mənə belə bir imkanı yaratdığı üçün təşəkkürümü bildirirəm. İllərdir birlikdə işləyirik, bir-birimizə böyük hörmətimiz var. Bu cür qayıdışlar nadir hallarda olur. Buna görə çox xoşbəxtəm.

- Hazırda "Qarabağ"da əsas heyət üzvü sayılmırsınız. Xüsusilə avrokubok matçlarında meydana sonradan daxil olursunuz. Ümumiyyətlə, ehtiyat oyunçu olmaq necə hissdir və sizə hansı formada təsir edir?

- Bu prosesi, demək olar ki, bütün oyunçular keçir. Futbolçu uzun müddət əsas heyət üzvü olur, sonradan ehtiyatda qalır. Hazırda o dönəmi yaşayıram. Bu, mənim üçün yeni təcrübədir. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Mənim mövqeyimdə oynayan futbolçular da yaxşı təsir bağışlayırlar. Bununla belə, Qurban müəllim mənə də oynamaq imkanı yaradır. İndi elə məqamdır ki, hər fürsətdən mümkün qədər istifadə edib özümü göstərməliyəm. Futbolda hər şey anidən dəyişə bilər. Bizim üzərimizə düşən hər an hazır olmaq və ehtiyac duyulan anda etimadı doğrultmaqdır.

- "Qarabağ"ın bu mövsüm həm UEFA Konfrans Liqasında, həm də Premyer Liqadakı çıxışını necə dəyərləndirirsiniz?

- Avrokuboklardakı çıxışımız barədə yalnız müsbət fikirlər deyə bilərəm. Təsnifat mərhələsində qazandığımız qələbələr qrupa düşməyimizdə həlledici oldu. Həmin vaxt mövsümə yeni başlamışdıq. Bilirsiniz ki, ilk oyunlar asan olmur. Buna baxmayaraq, birinci matçdan nəticələrimiz yüksələn xətlə inkişaf etdi. Oyundan-oyuna daha yaxşı çıxış etməyə başladıq. Sevindirici haldır ki, qrup mərhələsinə vəsiqə qazandıq. Qrupdakı bütün görüşlərimizi yüksək səviyyədə keçirmişik. Bunda Qurban Qurbanov başda olmaqla, məşqçilər heyətinin əməyi çox böyükdür. Onlar bizi yüksək idman formasında saxlamaq və meydanda əsl döyüşçü kimi vuruşmağımız üçün əllərindən gələni edirlər. Ümid edirəm ki, bu inkişaf mövsümün sonunadək davam edəcək. Eyni sözləri Premyer Liqadakı nəticələrimiz barədə də deyə bilərəm.

- Ötən tur Qəbələdə 2 xal itirdiniz. Sizcə, qələbə üçün nə çatmadı?

- "Qəbələ"nin timsalında həqiqətən yaxşı komandaya qarşı mübarizə apardıq. Bizi çox dəqiq analiz etmişdilər. Sonadək vuruşdular. Hər iki tərəfin kifayət qədər qol imkanları oldu. Düzdür, qələbə qazanmaq alınmadı. Amma səfərdən 1 xalla qayıtdıq. Əsas odur, uduzmadıq. Bütün rəqiblərimizə hörmət edirik.

- Bu mövsüm "Qarabağ"ın rahat çempion olacağı deyilir. Bu fikirlərlə razısınız?

- Turnir cədvəlinə, çempionat oyunlarına baxanda bu cür təəssüratın yaranması normaldır. Bu mövsüm çox yaxşı komandamız var, keyfiyyətli futbolçulara sahibik. Texniki heyət, bir sözlə, hər şey əladır. Buna baxmayaraq, bütün rəqiblərimizi ciddiyə alırıq. Çempionatda güclü komandalar var. Hər an vəziyyət 180 dərəcə dəyişə bilər. Üstəlik, mövsüm hələ yarılanmayıb. Qarşıda çox oyun olacaq. Ona görə də bu fikirlərlə razılaşmıram.

- Sizcə, son çempion "Neftçi" bu mövsüm sizinlə rəqabət apara biləcək gücdədir?

- Əlbəttə. "Neftçi"nin də yaxşı heyəti, baş məşqçisi var. Onların ötən il çempion olduğunu unutmaq olmaz. Digər komandalar kimi, "Neftçi"ni də layiqli rəqib saymaq olar. Heç bir komandaya yuxarıdan aşağı baxmırıq. Ayağımız yerdə olmalıdır. Baş məşqçinin verdiyi bütün tapşıqları yerinə yetirməli, məşqlərdə əzmlə çalışmalıyıq. Bizim işimiz budur.

- XIII turda "Sabah"la qarşılaşacaqsınız. Bu komanda baş məşqçi dəyişikliyindən sonra 5 oyuna 4 qələbə qazanıb, 1 heç-heçə edib. Bu amil sizi narahat etmir?

- "Sabah"ın oyunundakı irəliləyiş göz qabağındadır. Yeni baş məşqçinin işi, fəlsəfəsi açıq-aşkar görünür. "Sabah" da layiqli rəqiblərdəndir. Onlarla mübarizə aparmaq asan olmayacaq. Amma biz bu görüşə də qələbə üçün çıxacağıq. Evdə oynayacığmızdan, azarkeşlərimizə qələbə bəxş etməyə çalışacağıq.

- Konfrans Liqasının qrup mərhələsinin son turunda Bakıda Kipr "Omoniya"sı ilə heç-heçə etməklə, qrup qalibi olma şansınızı azaltdınız. Birbaşa 1/8 finala vəsiqə qazanmaq üçün İsveçrədə "Bazel"i mütləq məğlub etməlisiniz. Necə düşünürsünüz, səfərdə bunu etmək mümkün olacaq?

- Futbolun gözəlliyi belə oyunlardadır. Fikir verin, biz evdə xal itirdik və qrup liderliyini əldən verdik. Ev qələbələri daha şirin olur. Doğma azarkeşlər önündə qalib gəlmək, onları sevindirmək və sevincini fanatlarla paylaşmaq başqa hissdir. Amma nədənsə bu mövsüm ən yaxşı oyunlarımızı sanki, səfərdə nümayiş etdiririk. "Bazel"i səfərdə məğlub etmək üçün həm gücümüz, həm potensialımız, həm də səviyyəmiz var. Səfərə də bu məqsədlə gedəcəyik. Yalnız nikbin düşünmək, oyuna köklənmək və baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirmək lazımdır. Düşünürəm ki, hər şey yaxşı olacaq və bizə sərf edən nəticə ilə geri qayıdacağıq.

- Bir az da milli komanda barədə danışaq. Siz də yığma üzvüsünüz. Canni De Byazi ilə müqavilənin uzadılmasını necə qarşıladınız? Sizcə, italiyalı mütəxəssisə şans vermək doğru qərar idi?

- AFFA-dakılar belə qərar veriblərsə. deməli, bildikləri bir şey var. Buna hörmətlə yanaşmalıyıq. Mənə elə gəlir ki, doğru qərardır. Çünki birinci mərhələdə De Byazinin komandanı tanıması, mentalitetə bələd olması bir az vaxt apardı. Bəlkə fəaliyyətinin ikinci mərhələsində hər şeyə tamam fərqli yanaşacaq. Artıq oyunçuları tanıyır. Budəfəki işi daha effektiv ola bilər. Bizə həm De Byaziyə, həm də Azərbaycan millisinə uğurlar arzulamaq qalır. Ümid edirəm ki, milli komanda Azərbaycan xalqını qələbələrlə sevindirəcək. Çünki insanlar buna layiqdir.

- Yeri gəlmişkən, De Byazinin təyinatından sonra yığmaya dəvət almırsınız. Bunun səbəbi nədir?

- Bu məsələ haqqında heç nə deyə bilmərəm. Çünki nə De Byazi, nə də köməkçiləri ilə bu barədə danışığımız olub. Baş məşqçidir, onun öz seçimləri var. Mən də buna hörmətlə yanaşıram. Amma xidmətimə ehtiyac duyarlarsa, istənilən an böyük şərəflə yenidən Azərbaycan millisinin formasını geyinəcəyəm. Yığmanın düşərgəsinə getmək üçün darıxmışam. Həmişə olduğu kimi, nə vaxt dəvət almışamsa, əlimdən gələni etmiş, Azərbaycanı ən yaxşı şəkildə təmsil etməyə çalışmışam. Gələcəkdə yığmaya çağırılsam, yenə belə olacaq. Hazırda daha çox öz üzərimdə çalışmalı, daha çox işləməliyəm. Dəvət gələrsə, çox sevinərəm (report.az).