Ötən axşam Azərbaycan futbolsevərlərini “qızıl oyun”a bir addım da yaxınlaşdırdı. Ancaq “Səbail” - “Neftçi” matçı öncəsi çempionluq mübarizəsinin son turadək uzanacağını söyləmək yetərincə çətin idi.

Start fiti verilər-verilməz qonaqlar mübarizəyə elə atıldılar ki, sanki həyatlarının son oyununa çıxıblar. Görüşün ilk 5 dəqiqəsində Samir Abasovun yetirmələri çərçivəyə 4 (!!!) zərbə endimişdilər. Bu cür təzyiq altında uzun müddət tab gətirmək real deyil. O başqa məsələ ki, yüksək pressinq sayəsində nəhəng üstünlük əldə edən Azərbaycan vitse-çempionlarının əvvəl-axır dayanacağı gün kimi aydın idi. Ardıcıl 90 dəqiqə pressinqi heç bir komanda tətbiq edə bilməz. Bu, inanlımaz dərəcədə çox güc aparır. Elə Samir Abasovun komandasının ilk 10 dəqiqədəki təzyiqi də xeyli kolori yeyilməsini şərtləndirmişdi.

Bu cür oyun planı istənilən rəqib üçün başağrısı olsa da, qüsursuz da deyil. 10-15 dəqiqə ərzində hücum edən tərəf taqətdən düşəcək və daha çox dağıdıcılıqla məşğul olan komanda matçın sonlarına yaxın ərazi üstünlüyünə yiyələnəcək.

“Neftçi”nin pressinq tətbiqində iştirak edən oyunçuların sayı o qədər çox olurdu ki, istənilən əks-hücum meydan sahiblərinin qolu ilə nəticələnmə şansını artıra bilərdi. Axı, hər tətbiq edilən pressinq topu ələ keçirmək demək deyil. Lakin məsələ burasındadır ki, Aftandil Hacıyevin komandası topu rəqibə verməməyi bacaranda da “ağ-qaralar” qapıları istiqamətində 60-70 metrlik reyd edərək təhlükəni zərərsizləşdirməyi bacarırdı.

Bu cür təzyiq nəhayət ki, effektini verdi. Təyin edilən künc zərbəsindən sonra Mamadu Mbodj hava mübarizəsindən qalib ayrıldı, vizavisindən sıyrılan Vojislav Stankoviç isə seneqallının ötürməsini sürüşmə fəndi ilə qola çevirdi. Künc zərbəsi təyin edilən epizodda yan xətt hakiminin səhvə yol verdiyi görünür: top Yusuf Lavaldan çıxmışdı. Ancaq hər künc zərbəsi qolla nəticələnmir. Elə matçdan sonra keçirilən mətbuat konfransında da “dənizçilər”in baş məşqçisi Aftandil Hacıyev həmin məsələni qabartmamaqla peşəkarlığını ortaya qoydu və “Neftçi”nin qələbəyə layiq olduğunu vurğuladı.

İlk qoldan sonra gözlənildiyi kimi, temp qismən aşağı düşdü. “İkinci dalğa” yalnız fasilədən sonra yaşandı. Matçın ən yaxşılarından olan Sabir Buqrinin ayağının altı ilə topu yalayaraq Lavala etdiyi ötürmə ikincinin ağıllı zərbəsi ilə nəticələndi. Qalanı isə artıq texniki detallar idi ki, “Neftçi” bunu məharətlə icra edib 4:0 qalib gəldi. Matçın ən yaxşısı? Fikrimizcə, bu, Keysuke Honda idi. Yaponiyalının oyunu sadəcə, şedevral idi. Bunu nə sözlə, nə sazla çatdırmaq mümkün deyil, oyuna baxmaq və sadəcə, zövq almaq lazım idi.

Sonda diqqətimizi çəkən xüsusi məqamlara toxunacağıq. Əvvəla, daha öncəki turla müqayisə aparaq. “Keşlə”yə qarşı qələbə “ölü temp”lə əldə edilmişdi və Abasov bu gedişi rəqibin yorğunluğu ilə əlaqələndirmişdi. Ki, Kubokun yarımfinalında 120 dəqiqə oynamış “Keşlə” əvvəl-axır səhv etməyə məhkum idi. Bu dəfə isə meydanda “ağ-qara fırtına” əsirdi. Oyunun tempini rəqibə diqtə etməyi çox az komanda bacarır ki, fikrimizcə, “Neftçi” son 7-8 mövsümdə ilk dəfədir ki, bu səviyyəyə çatıb.

Daha bir məqam orta xətlə bağlıdı. “Neftçi”nin yarımmüdafiəsi yetərincə güclü idi. Keysuke Hondanın gəlişindən sonra isə əzəmətli olub. Yaponiyalı yapışqan obrazında çıxış edib. İndi istənilən rəqib təhlükənin kimdən gələcəyini bilmir. Əvvəllər əsas qol ümidi Namiq Ələsgərova xüsusi diqqət yetirilirdisə, indiki halda son zərbəyə namizədlərin siyahısına baxın: Emin Mahmudov, Yusuf Laval, Sabir Buqrin, Keysuke Honda, Mirabdulla Abbasov. Əlbəttə ki, Ələsgərov da öz yerində. Hər bir rəqib üçün qol vurmaq bacarığı olan bu sayda oyuncunun əks düşərgədə yer alması əsl başağrısı, bəlkə də qarşısıalınmaz başağrısıdı.

Nəhayət, son toxunacağımız bənd motivasiyadı. Komandadaxili əhval-ruhiyyə olduqca böyük önəm kəsb edir. Bu baxımdan da sezilən odur ki, bu cür əzmkar, tam ağırlığını ortaya qoymaq üçün komandada daxili ab-hava ideal olmalıdı. Yuxarıda qeyd etdiklərimiz də daxil olmaqla bütün bu komponentləri dünənki “Neftçi”də gördük. Bu da bütün neytral futbolseverlər üçün xoş olmalıdı. Azərbaycanda ikinci əzəmətli komandanın formalaşması futbolumuzun xeyrinədir. “Qarabağ”la “qızıl oyun”a şahidlik etmək şansının artması isə bir başqa aləmdi.

 

 

CEYHUN ƏLİYEV