Premyer Liqamızda "Qarabağ"da 15-ci mövsümdü baş məşqçi işləyən Qurban Qurbanovdan sonra ən uzunmüddətli çalıan Aftandil Hacıyev idi. Belə ki, PRO kateqoriyalı bu gənc mütəxəssis ardıcıl 4 mövsüm "Səbail"i çalışdırdı. Onun "dənizçilər"də yubiley mövsümünə başlaması real idi. Hər halda, tərəflər başa çatan müqaviləni daha 1 illiyə uzatdılar. Amma bundan az sonra həmin anlaşmaya klub rəhbərliyinin istəyilə xitam verildi. Bundan sonra işsiz mütəxəssislər sırasında olan 41 yaşlı Hacıyevlə söhbətləşərək bir sıra məqamlara aydınlıq gətirməyə çalışdıq. 

- Yaydan bu yana işsizsiniz. Təkliflər olmayıb klublarımızdan bu müddətdə?

- Olub söhbətlər, amma yalnız bu səviyyədə. Yəni, masa arxasında oturmadıq.

- Hansı komandlar idi? 

- Ad çəkməyəcəm, iki komandayla idi. Menecer səviyyəsində araçılıq idi. Bilirəm ki, klubdan gəlmişdi söz. Fikrimi öyrənmişdilər sadəcə. Amma danışıqlara gedib çıxmadıq. 

- Elə bir şərtlər idi ki, lüzum görmədiniz işləmək xatrinə işləməyə...

- Şərtlər haqda söhbətə heç gəlib çıxmadı. Sadəcə, gələrəmmi, gəlmərəmmi - bu haqda fikirmi öyrəndilər. Mən də bəzi şərtləri dedim, ondan sonra cavab gəlmədi. 

- İşsizliyinizin bu qədər olacağı gedişatını gözləyirdiniz? Çünki bizdə işdən çıxandan sonra istirahət uzun çəkir, məcburən olur...

- Yayı hardasa faydalanmaq oldu. Amma bundan sonra ilk dəfədi idi fasilə məndə bu qədər. Çünki məşqçiliyə başlayandan daim işdə olmuşam, bu qədər işsiz qalmamışam. Buna görə bir qədər yad gəldi mənə. Artıq 6 ayı gəlir. Amma bu iş belədi də, bəzən 1-2 il də gözləməli olursan.

- Yorucu gəlmir günlər?

- Dediyim kimi, bir az istirahət ehtiyac vardı. Bundan sonra yenidən işə qayıtmaq istəyim yaranıb. Azərbaycanda perspektiv haqda bir şey demək çətindi. 

- Ola bilərmi ki, misal üçün AFFA-da, klub strukturunda çalışasınız?

- Elə variantlar, təklfilər var. Sadəcə, hələ ki profili dəyişmək haqda düşünməmişəm. Amma işsizlik uzanarsa, bəlkə hansısa bir profildə çalışmaq mümkün olar. Bütün hallarda futbolda qalmağı düşünürəm. Təbii ki, Premyer Liqada baş məşqçi işləmək daha maraqlıdı mənim üçün.

- Vaxtilə aşağı yaş qruplarında işləmisiniz. Yenidən akademiya komandasında işləməyə razı olarsınız, yoxsa bunu artıq keçilmiş yol sayırsınız?

- İndidən nəsə demək çətindi. Ümumən o işdə də gərək şərait, ciddi bir layihə, məqsəd olsun. İnşallah, qış fasiəsində bir qərar verərik. Futbolumuzla, yaxud hardansa gələn təklifləri dəyərləndirərik. 

- Sonuncunu deyərkən...

- Qazaxıstan variantı - menecerlər deyirlər bunu. Amma hələ rəsmi söhbət olmayıb. Bu üzdən təfərrüatı deyə bilmirəm. Dediyim kimi, konkret bir klubla danışıq aparmamışam. Sadəcə, deyiblər ki, orayla danışaq. Mən də demişəm - hə. 

- Həmin menecerlər azərbaycanlılardı?

- Azərbaycanlılar da var. Konkret hələ ad deməyiblər. Bir neçəsi var ki, danışıq aparacaqlar. Mən də hələ ki gözləyirəm. Olsa, deyəcəklər.

- Özünüz menecerlər müraciət etdiniz ki, bir aktivlik olsun yeni iş yeri tapmaqla bağlı?

- Yox, özlərindən bu təklif gəlir. "Səbail"ə heç bir bağlılığım qalmayıb. Hər şey qaydasındadı. Rəhbərlik hər şeyə danışıqda əməl edib.

- Yəni, müqavilənin pozulmasına görə təzminat almısınız?

- Bəli, müəyyən təzminat olub. O vaxtdan işbirliyimizə son nöqtə qoymuşuq.

- Qazaxıstan bir ölkə, Premyer Liqası sizin üçün nə dərəcədə cəlbedici görünür?

- Qazaxıstan çempionatı mübariz bir çempionat kimi gəlir mənim üçün. Düzdür, bir az yad ölkədi. Amma mənim üçün hər hansı çətinlik olacağını düşünmürəm. Dil baxımından da problemim yoxdu. Çünki rus dili daha çox istifadə olunur. Komandanın hamısı haqda məlumatım geniş olmasa da, bir neçəsi var ki, normal büdcəyə, şəraitə sahibdi. Yeganə mənfi cəhət odur ki, daha çox məsafə qət edirsən oyunlara  Eşitdiyimə görə bu çətinlik var. Hələ ki geniş danışmaq istəmirəm. Nəsə olsa, götür-qoy edəcəm. Hər təklifi də dəyərləndiməyi düşünmürəm. Maraqlı təklif olsa, dəyərləndirmək olar.

- Belə çıxır ki, qazaxların da azərbaycanlı məşqçi maraq dairəsinə düşüb. Hər halda, bu ölkədə, xaricdə hər zaman məşqçimiz işləməyib...

- Elədi. Buna kimi Qazaxıstanda Ramiz Məmmədov və bir neçə məşqçimiz olub. Son olaraq Vaqif Cavadov işləyib. Düşünürəm ki, bizim məşqçilər haqda məlumatlıdırlar az da olsa. Son seçmə mərhələdə millimiz Qazaxıstanla qarşılaşıb. Aşağı-yuxarı məlumatlıdırlar bizim haqda.

- Onu da nəzərə alaq ki, Qazaxıstan soyuq ölkədi. Soyuğa dözümünüz var?

- (gülür) İsti iqlim daha çox uyğundu bizə, soyuğa dözümüm o qədər olmasa da, işimizdi budu - onsuz da açıq havadı. Bu üzdən fəslin hansı olması fərq eləmir. 

 

 

MEHMAN SÜLEYMANOV