Son iki tsikli U-21 millisinin “sükanı arxası”nda keçirmiş Milan Obradoviçlə işbirliyi davam etdirilmədi. Serbiyalı mütəxəssis isə bunu yeni müqavilənin şərtlərində ortaq məxrəcə gəlməməklə əlaqələndirib. Maraqlıdır, AFFA hansı şərtlərdə mutəxəssislə ortaq məxrəcə gələ bilməyib? Bu sualla AFFA-nin mətbuat xidmətindən rəhbəri Firuz Abdullaya müraciət etdik. 

Həmsöhbətimiz Obradoviçlə yenə müqavilə barədə müzakirə aparmadıqlarını dilə gətirdi: “Heç bir şərt barədə fikir bildirməyə dəyməz. Çünki Milan Obradoviçə müqavilənin uzadılması barədə, ümumiyyətlə, təklif irəli sürülməyib. AFFA rəhbərliyi ilə görüşdə ona konkret olaraq bildirilib ki, müqavilə müddəti başa çatıb, AFFA müqaviləni uzatmaqda maraqlı deyil və etik qaydalara uyğun olaraq fəaliyyətinə görə məşqçiyə minnətdarlıq ifadə olunub. Yenə deyirəm, hər hansı şərtlərdə razılığa gəlinməməsi, ümumiyyətlə, müzakirə mövzusu olmayıb”.