AFFA-nın təşkilatçılığı, UEFA ilə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Məktəblərdə Futbol Dərsi" layihəsinin 2025/2026-cı illər mövsümü üzrə keçirilən minifutbol turnirinə yekun vurulub. Sport24.az xəbər verir ki, turnirdə Bakı və Sumqayıtı təmsil edən ümumilikdə 20 məktəbin komandası mübarizə aparıb.

 

III yer uğrunda keçirilən oyunda Sumqayıtı təmsil edən 11 nömrəli məktəbin komandası 307 nömrəli məktəbin komandasına qalib gələrək turnirin bürünc mükafatçısı olub.

 

Final görüşündə isə 299 nömrəli məktəbin komandası ilə Elitar Gimnaziyanın komandası üz-üzə gəlib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən, oyunun taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Daha dəqiq oynayan 299 nömrəli məktəbin komandası rəqibini üstələyərək turnirin qalibi adına yiyələnib. Elitar Gimnaziyanın komandası isə ikinci yeri tutub.

 

Mükafatlandırma mərasimində qalib komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlərə isə müvafiq medallar təqdim edilib.

 

Bununla yanaşı, yarış boyu fərqlənən iştirakçılar müxtəlif fərdi nominasiyalar üzrə mükafatlandırılıblar. Elitar Gimnaziyanın üzvü İnci Hüseynli final oyununun ən yaxşı oyunçusu seçilib. 299 nömrəli məktəbin komandasında çıxış edən Süleyman Vəliyev turnirin ən yaxşı qapıçısı nominasiyası üzrə mükafata layiq görülüb. 11 nömrəli məktəbin oyunçusu Nihat Eminli isə turnirin ən yaxşı futbolçusu seçilib.

 

Mükafatları və qalib komandaya kuboku AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim edib. O, iştirakçıları uğurlu çıxış münasibətilə təbrik edərək məktəblilər arasında futbolun inkişafına xidmət edən bu cür yarışların əhəmiyyətini vurğulayıb.

 

Qeyd edək ki, "Məktəblərdə Futbol Dərsi" layihəsi məktəblilər arasında futbolun kütləviliyinin artırılması, sağlam həyat tərzinin təşviqi, həmçinin uşaqlarda komanda işi, məsuliyyət və qarşılıqlı hörmət kimi dəyərlərin formalaşdırılması məqsədilə həyata keçirilir.