"Düşünürəm ki, dünənki oyuna komandanı tam motivatsiya edə bilməmişdik. Rəqibin çempionatın autsayderi olması bəlkə də futbolçuların oyuna köklənməsinə, daha ciddi yanaşmasına təsir göstərmişdi". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Adil Şükürov deyib.
Təcrübəli mütəxəssis dünən keçirilən "Şimal"la oyunda komandasının gözlənilməz məğlubiyyətini şərh edib:
"Futbolçular birinci hissədə sanki oyunu qalib bitirmiş kimi oynayırdılar. Birinci hissənin sonunda hesabın 1:0 olması daha çox arxayınlığa səbəb oldu. Lakin ikinci hissədə hesab 1:4 olduqdan sonra komanda toparlandı. Bundan sonra meydanda fərqli "Səbail" gördük. Təəssüf ki, fərqi minimuma endirsək də, bundan artığına vaxtımız çatmadı. Bu matç bir daha göstərdi ki, I Liqada aşkar zəif komanda yoxdu. Autsayder belə istənilən komandadan xal və ya xallar ala bilər. İnanıram ki, qarşıdakı turlarda bir daha belə səhvə yol verilməyəcək".
Qarşılaşmadan sonra futbol ictimaiyyəti arasında "Səbail"in futbolçularının oyunun nəticəsini totalizatora qoyduğu barədə söz-söhbətlər yayılıb. Baş məşqçi isə saytımıza açıqlamasında buna inanmadığını vurğuladı:
"İnanmıram ki, "Səbail"in heyətində yer alan oyunçulardan kim və ya kimlərsə belə şərəfsizliyə yol versin. Hamı bilir ki, son vaxtlar bu məsələ ilə bağlı AFFA trəfindən ciddi işlər aparılır. Heç kimin haqqına girmək istəmirəm. Əgər belə bir xoşagəlməz olay olubsa, aidyyatı qurumların bu yöndə ciddi araşdırma aparmasını istəyirəm".
Qeyd edək ki, dünən I Liqada XII turun oyunları keçirilib. "Səbail" doğma "divalar arasında" autsayder "Şimal"a 3:4 hesabı ilə məğlub olub.