Azərbaycan Premyer Liqasının I turunun "Sumqayıt" – "Kəpəz" oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– İlk oyunda yaxşı nəticə qazanmaq istəyirdik. Əlimizə düşən imkandan istifadə edə bilmədik və futbolun yazılmamış qanunu özünü göstərdi – rəqib fərqləndi. İkinci qol da biz hücuma çıxandan sonra oldu. Bundan sonra komandada eniş yaşandı və məğlub olduq.

 

– Bu heyət sizi qane edir?


– Yeni yığılan komandayıq. Hələ tam formalaşmamışıq, bəzi oyunçular komandaya qatılacaq. Elə etməliyik ki, xallar qazanaq, qarşımıza qoyulan məqsədə çataq.

 

– Stadion düzəlir, sponsor tapıldı, amma komanda düzəlmir. Problem nədir?


– "Kəpəz" də düzələcək. Hələ tam formalaşmamışıq. Azarkeşlərin qələbə gözlədiyini bilirəm, daha yaxşı olacağıq.

 

– Komandanın kapitanı Əli Səmədov meydana çıxmadı. Hazır deyilsə nə üçün iştirak ərizəsindəydi və ya nə üçün sona qədər ehtiyatda qaldı?


– Bu gün məşqçilər korpusu olaraq belə qərar verdik.